...

Prezident İlham Əliyev: Ermənistan ilə Azərbaycan arasındakı münaqişə regional təhlükəsizliyə və sabitliyə əsas təhdiddir (FOTO)

Siyasət Materials 3 May 2011 07:38 (UTC +04:00)
Mayın 2-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Dalya Qribauskayte mətbuata bəyanatlarla çıxış ediblər. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Prezident İlham Əliyev: Ermənistan ilə Azərbaycan arasındakı münaqişə regional təhlükəsizliyə və sabitliyə əsas təhdiddir (FOTO)

Mayın 2-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Dalya Qribauskayte mətbuata bəyanatlarla çıxış ediblər. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:

"Hörmətli xanım Prezident. Hörmətli qonaqlar. Sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Əminəm ki, səfəriniz uğurlu olacaqdır. İkitərəfli münasibətlərimizə aid müxtəlif aspektlər, o cümlədən regional məsələlər ətrafında çox maraqlı müzakirələr oldu. Əminəm ki, bu müzakirələr regionda baş verən hadisələri, çağırışları və problemləri daha yaxşı anlamağa və irəliyə doğru hansı yolla gedəcəyimizi təsəvvür etməyə imkan yaradacaqdır. İkitərəfli münasibətlərə gəldikdə, bildirmək istəyirəm ki, onlar əladır. Bizim çox fəal siyasi dialoqumuz vardır. Beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq edirik".

Prezident bildirib ki, Litva Azərbaycanın Avropaya inteqrasiya siyasətini daim dəstəkləyir.

"Əminəm ki, xanım Prezidentin səfəri ölkələrimiz arasında siyasi münasibətləri daha da möhkəmləndirəcəkdir. Zənnimcə, iqtisadi sahədə əlaqələrimizin, xüsusən də işgüzar dairələr arasında birbaşa təmasların inkişafı üçün yaxşı potensial vardır. Bilirəm ki, hazırda qarşılıqlı maraq artmaqdadır. Biznes dairələrimiz tərəfindən Litvada müxtəlif sərmayə imkanları qiymətləndirilir. Hesab edirəm ki, gələcəyə nəzər salaraq iqtisadi əlaqələrimizin genişləndirilməsi üzərində düşünməliyik. Çünki iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır, bir-birini tamamlayır. Buna görə əminəm ki, yaxşı siyasi münasibətlərimiz biznes dairələrimizə daha fəal olmaq üçün bir işarə olacaqdır" dövlət başçısı çıxışında deyib.

İlham Əliyev deyib ki, nəqliyyat sektorunda yaxşı imkanlar vardır.

"Azərbaycan müxtəlif daşıma layihələrini həyata keçirməkdədir. Bu layihələr yeni infrastrukturu, quru, dəmir və hava yollarını yaradacaqdır. Həmçinin Xəzər dənizi vasitəsilə nəqliyyat məsələləri də bu halda nəzərdə tutulur. Bu, Baltik, Qara və Xəzər dənizləri regionları arasında nəqliyyat əməkdaşlığının bir hissəsi ola bilər. Bu, ölkələrimizin öz regionlarında olduqca mühüm rol oynadığı regional əməkdaşlıq siyasətini gücləndirəcəkdir.
Bu gün biz, həmçinin enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik. Bildiyiniz kimi, Azərbaycan bu baxımdan daha fəal rol oynayır. Cari ilin yanvarında Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub" qaz dəhlizi haqqında birgə bəyannamə imzaladıq. Bu, irəliyə doğru atılan mühüm bir addım oldu. Bu, həmin sahədə daha geniş əməkdaşlığın qurulmasına əsas yaradacaqdır.
Azərbaycanın nəhəng neft və qaz ehtiyatları vardır. Ölkəmiz artıq mövcud daşıma infrastrukturuna və karbohidrogenlərimizi müxtəlif istiqamətlərə nəql edən çox sayda boru kəmərinə malikdir. Bu sahədə Avropa ilə Azərbaycan arasında mövcud əməkdaşlıq qarşılıqlı faydaya əsaslanır. Əminəm ki, gələn illər ərzində bunun daha yaxşı nəticələrini görəcəyik. Əlbəttə ki, enerji sahəsində əlaqələr Avropa İttifaqı ilə əməkdaşlığımızın mühüm bir hissəsidir. Biz Azərbaycanın iştirak etdiyi "Şərq tərəfdaşlığı" Proqramına verdiyi dəstəyə görə Litvaya minnətdarıq" Prezident vurğulayıb.

Dövlət başçısı görüşdə regional təhlükəsizlik məsələlərini də müzakirə etdiklərini bildirib.

"Bu məsələ, həmçinin ikitərəfli gündəliyimizin bir hissəsidir. Eyni zamanda, Litva hazırda ATƏT-ə sədrlik edən ölkədir. Münaqişənin həlli müzakirələrimizin bir hissəsi oldu. Uzun illərdir ki, Azərbaycan ilə Ermənistan arasındakı münaqişə həll olunmayıb. Minsk qrupu demək olar ki, 20 ildir fəaliyyət göstərir. Lakin indiyə qədər praktiki nəticələr yoxdur. Bu yaxınlarda ATƏT-in sahə qiymətləndirmə missiyası Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş və hesabat hazırlamışdır. Həmin hesabatda aydın şəkildə deyilir ki, işğal olunmuş ərazilərdə bütün infrastruktur dağıdılıb, qeyri-qanuni məskunlaşdırma faktları vardır. Rayonların tarixi adlarını, inzibati sərhədlərini dəyişmək cəhdləri və Ermənistanın işğalçı siyasəti ilə bağlı bir çox digər sübutlar vardır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin inzibati hüdudlarından kənarda yerləşən 7 rayonu da işğal altındadır. Biz etnik təmizləmə siyasətindən əziyyət çəkirik. Bir milyon azərbaycanlı öz doğma torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Əlbəttə ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməlidir.
Mən xanım Prezidenti danışıqların hazırkı statusu, müzakirə olunan məsələlər barədə məlumatlandırdım. Ümidvarıq ki, Ermənistan ATƏT-in Minsk qrupunun təkliflərinə konstruktiv yanaşma nümayiş etdirməklə irəliyə doğru addım atacaq və Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmağa başlayacaqdır. Bundan sonra bölgədə sülh bərqərar ola bilər. Ermənistan ilə Azərbaycan arasındakı münaqişə regional təhlükəsizliyə və sabitliyə əsas təhdiddir. Bu münaqişənin beynəlxalq hüquq əsasında tezliklə həlli bütün tərəflərin marağındadır.
Mən, xanım Prezidentə dəvəti qəbul edib bu gün ölkəmizə səfər etdiyinə görə bir daha minnətdarlığımı bildirirəm. Ümidvaram ki, səfəriniz uğurlu olacaq və səfərinizdən məmnun qalacaqsınız.
Sağ olun" İlham Əliyev bildirib.

Foto - Azərbaycan Prezidentinin rəsmi saytı

Xəbər lenti

Xəbər lenti