Azərbaycan, Bakı, 17 may /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) ölkə üzrə vahid seçicilər siyahısının yenidən tərtib edilməsi prosesinə yekun vurmaq üzrədir.
MSK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, seçicilərin daimi siyahısı yanvar ayından etibarən məntəqə seçki komissiyaları tərəfindən müvafiq seçki məntəqələri üzrə yenidən tərtib edilərək fevralın 5-dək dairə seçki komissiyalarına verilib.
DSK-lar isə martın 5-dən seçki dairələri üzrə seçici siyahılarını tərtib edərək aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təhvil veriblər.
Sözügedən prosesdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə qurumlarının köməyindən istifadə olunub.
Aprelin 5-dən etibarən isə Azərbaycan üzrə seçicilərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yenidən tərtib edilir.
İlin əvvəlindən başlayaraq davamlı olaraq aparılan bu irimiqyaslı proses artıq yekunlaşmaq üzrədır.
Ölkə üzrə seçici siyahılarının yenidən tərtib edilməsi prosesinə mayın 18-də MSK tərəfindən yekun vurulacaq.
Bundan sonra vahid seçicilər siyahısı rəsmi sənəd statusu alacaq və Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdiriləcək.