...

İran Böyük Britaniyaya nota verib

Siyasət Materials 9 İyun 2011 15:42 (UTC +04:00)
Böyük Britaniyanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb və burada ona etiraz notası təqdim edilib.
İran Böyük Britaniyaya nota verib

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Böyük Britaniyanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb və burada ona etiraz notası təqdim edilib. Bu barədə Trend İranın IRINN xəbər telekanalının rəsmi saytına istinadən məlumat verir.

Etiraz notası Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyqin "İran Suriyanın daxili işlərinə müdaxilə edir" deməsi ilə bağlı təqdim edilib.

"Böyük Britaniya XİN-in İrana qarşı irəli sürdüyü ittihamlar və həmin ittihamların Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü tərəfindən təkrarlanması əsassızdır. Britaniya hökuməti regionda baş verən bir çox hadisələrə özü birbaşa müdaxilə etdiyi bir vaxtda belə çıxışlar etmək hüququna malik deyil", - İran Xarici İşlər Nazirliyinin notasında bildirilir.

İran həmçinin Britaniyanın ölkənin daxili məsələlərinə müdaxilə etməsini pisləyib və Britaniyanın regiondakı proseslərlə bağlı bir-birinə zidd mövqelər nümayiş etdirməsini tənqid edib.

İranla Böyük Britaniya arasında münasibətlər İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqları üzündən uzun müddətdir gərgin olaraq qalır. İranın Qərbin xüsusi xidmət orqanlarını, eləcə də Britaniyanın MI-6 xarici kəşfiyyatını 2010-cu il noyabrın 29-da Tehranda törədilən terror aktlarında günahlandırması bu münasibətləri daha da gərginləşdirib. Həmin terror aktlarında bu ölkənin nüvə alimi Məcid Şəhriyari həlak olub, lazer fizikası sahəsində mütəxəssis Firudin Abbasi isə yaralanıb.

Bundan əlavə, İran Böyük Britaniyanı İran müxalifətini açıq şəkildə dəstəkləməkdə və ötən il ölkədə baş verən kütləvi küçə etirazlarını qızışdırmaqda da günahlandırır.

İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyası ötən il Böyük Britaniya ilə əlaqələrin, o cümlədən siyasi, mədəni və iqtisadi münasibətlərin tam kəsilməsini tələb edən qanun layihəsini təsdiq edib. Komissiyanın bu cür qərar qəbul etməsinə səbəb bu yaxınlarda Britaniya səfirliyinin saytında Böyük Britaniyanın səfiri Simon Qessin İranda insan haqları ilə bağlı vəziyyəti qiymətləndirməsi olub. 2010-cu ilin sonunda Simon Qess İran XİN-ə çağırılıb, burada ona İslam Resplublikasının daxili işlərinə müdaxilə edilməsinin yolverilməz olduğu göstərilib. Bundan sonra isə Qess ölkəni tərk edib.

Xəbər lenti

Xəbər lenti