...

Azərbaycanın müxalif partiyasının sədri İctimai Palatanın qanunsuz aksiyasının iflasa uğrayacağını bildirib

Siyasət Materials 17 İyun 2011 14:13 (UTC +04:00)
Müxalif Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev İctimai Palata adlanan qurumun iyunun 19-na təyin etdiyi qanunsuz aksiyanın heç bir effekt verməyəcəyini və iflasa uğrayacağını bildirib.
Azərbaycanın müxalif partiyasının sədri İctimai Palatanın qanunsuz aksiyasının iflasa uğrayacağını bildirib

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Müxalif Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev İctimai Palata adlanan qurumun iyunun 19-na təyin etdiyi qanunsuz aksiyanın heç bir effekt verməyəcəyini və iflasa uğrayacağını bildirib. Trend-in məlumatına görə, bu barədə partiyanın yaydığı məlumatda bildirilir.

"Bu aksiyaya nəinki İctimai Palatanın, heç bu qurumun Koordinasiya Şurasının üzvləri də qatılmayacaqlar və bu, növbəti iflas olacaq", - Həsənquliyev deyib.

Onun sözlərinə görə, İctimai Palata "Eurovision-2012" mahnı müsabiqəsi başa çatanadək aksiyalara moratorium qoymaqla özünə qarşı olan münasibəti azacıq da olsa dəyişə bilərdi. "Təəssüf ki, bu şansdan da istifadə edə bilmədilər", - o qeyd edib.

Bakı Şəhər İcra Hakimiyyəti aksiyanın Bibiheybət qəsəbəsi, 20-ci sahə yaşayış massivi, Sürücülük Məktəbinin həyətindəki meydançada keçirilməsini təklif edib. İP-in Koordinasiya Şurası isə iyunun 19-u "Nərimanov" kinoteatrının qarşısındakı meydanda razılaşdırılmamış aksiya keçirmək barədə qərar qəbul edib.

Həsənquliyevin qənaətinə görə, aksiyalarla bağlı qərarın arxasında "Eurovision" müsabiqəsindəki qələbədən sonra bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyini göz önünə alan xarici qüvvələrin maraqları dayanır.

"Son zamanlar səfirlərin, eləcə də xarici ölkələrin və beynəlxalq təşkilatların təmsilçilərinin müxalifətin himayə və istifadə etdiyi qruplarla görüşü də məhz Azərbaycana qarşı təzyiq kampaniyasının stimullaşdırılması ilə bağlıdır. Bu gün Qərb dövlətləri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın "Nabukko" layihəsində iştirakını, eyni zamanda bu layihənin maliyyələşdirilməsini təmin etmək üçün ölkəmizə qarşı müxtəlif formalı təzyiqlərdən istifadə edirlər. Azərbaycandakı kəmfürsət qruplar da istifadə olunduqlarını bilə-bilə yenidən ölkəmizə qarşı həyata keçirilən bu kampaniyada iştirak etməyi özlərinə rəva bilirlər", - BAXCP sədri bildirib.

Xəbər lenti

Xəbər lenti