Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir S.Ağayeva/
Azərbaycanın Suriyadakı səfirliyi ölkədəki Fransa və ABŞ səfirlikləri ilə baş vermiş insidentlərlə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Suriyadakı səfiri Mahir Əliyev məlumat verib.
"Səfirlik adi rejimdə işləyir, hazırda onun işini heç nə təhdid etmir", - Əliyev bildirib.
Suriyada hökümətyönümlü nümayişçilər diplomatik missiyanın ərazisinə daxil olmağa cəhd edərək Fransa səfirliyinin üç əməkdaşını yaralayıblar. Bu barədə Fransa XİN-in mətbuat katibi Bernar Valeronun kommünikesində deyilir. Məlumatı RİA Novosti yayıb.
"Fransa Suriyanın beynəlxalq hüquq sahəsində üzərinə götürdüyü öhdəliklərə zidd olan bu hərəkətləri qətiyyətlə pisləyir", - Valero bəyan edib.
Şənbə günü Fransanın Dəməşqdəki səfirliyi və Hələbdəki konsulluğu qarşısında səfirin Hama şəhərinə səfər etməsinə qarşı etiraz aksiyası keçirilib. Fransa XİN buna cavab olaraq Suriyanın Parisdəki səfiri Lamiyə Şakkura qəti etirazını bildirib.
Bazar ertəsi Əsəd tərəfdarları ABŞ-ın Dəməşqdəki səfirliyinə də soxulublar, hücum zamanı heç kim xəsarət almayıb.
Suriyada artıq üç ay yarımdır ki, kütləvi etiraz aksiyaları davam edir. Etirazlar martın ortalarından ölkənin cənubundakı Dəra şəhərindən başlayıb, daha sonra isə ölkənin digər regionlarını əhatə edib. Suriya hüquq müdafiəçilərinin məlumatına görə, bu müddət ərzində təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 1,35 mindən çox insan həlak olub.
Rəsmi məlumatlara əsasən, "silahlı terrorçu elementlərə" qarşı əməliyyatlarda 340 hərbi qulluqçu və təhlükəsilzik qüvvələrinin nümayəndələri həlak olub.