...

Prezident İlham Əliyev: Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkə kimi artıq özünü tanıdıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 19 İyul 2011 23:55 (UTC +04:00)
İyulun 19-da Prezident İlham Əliyev Xızı rayonuna səfəri çərçivəsində Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev: Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkə kimi artıq özünü tanıdıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Prezidentin çıxışı əlavə olunub (ilk xəbər 15:05-də yayılıb)

İyulun 19-da Prezident İlham Əliyev Xızı rayonuna səfəri çərçivəsində Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak etmişdir. Bu barədə Azərbaycan Prezidentinin rəsmi saytı xəbər yayıb.

Açılış mərasiminə toplaşan rayon ictimaiyyətinin nümayəndələri və mərkəzin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına məlumat verdi ki, şirkət tərəfindən inşa olunan bu müasir səhiyyə ocağı dördmərtəbəli əsas korpusdan və yardımçı binalardan ibarətdir.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdikdən sonra mərkəzlə tanış oldu.

Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin səhiyyənin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılmışdır.

Prezidentə məlumat verildi ki, mərkəzdə qəbul və hemodializ, əməliyyat bloku, stasionar və reanimasiya şöbələri, konsultativ diaqnostika poliklinikası vardır. Müayinə və müalicəni daha da sadələşdirmək məqsədilə qəbul və hemodializ şöbələri birinci, konsultativ diaqnostika poliklinikası ikinci, stasionar və reanimasiya şöbələri isə üçüncü mərtəbədə yerləşdirilmişdir. Hemodializ şöbəsində beş hemodializ aparatı quraşdırılmışdır. Onlardan biri ayrıca otaqda qoyulmuş və infeksion xəstələr üçün nəzərdə tutulmuşdur.

Şüa-diaqnostika şöbəsi kompyuter tomoqraf və rentgen aparatları ilə təchiz olunmuşdur. Konsultativ diaqnostika poliklinikasında bütün növ xəstəliklərin müayinəsi və müalicəsi üçün kabinetlər yaradılmışdır. Endoskopik kabinet tibbin ən son nailiyyətlərinin məhsulu olan fibroqastroskop və kolonoskopla təchiz olunmuşdur.

Mərkəzin laboratoriyasında biokimyəvi, mikrobioloji, hematoloji və immunoloji-seroloji analizlərin aparılması mümkündür. Stasionar şöbədə hər biri iki çarpayılıq 10 palata var. Əməliyyat blokunda xaricdə istehsal olunan yüksək keyfiyyətli tibbi avadanlıq quraşdırılmışdır.

Əsas korpusda regional və yerli konfransların, müxtəlif tədbirlərin keçirilməsi üçün 155 nəfərlik akt zalı var.

Mərkəzdə 205 nəfər daimi işlə təmin ediləcəkdir.

Mərkəzdə yaradılmış şəraitdən razılığını bildirən Prezident İlham Əliyev əhaliyə yüksək tibbi xidmətin göstərilməsi ilə bağlı tövsiyə və tapşırıqlarını verdi.

Müalicə-Diaqnostika Mərkəzi ilə tanışlıqdan sonra dövlətimizin başçısı səhiyyə ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Mərkəzin açılışı münasibətilə sakinləri və kollektivi təbrik edən Prezident İlham Əliyev dedi:

- Sabahınız xeyir olsun. Ürəkdən təbrik edirəm. Xızıda belə gözəl müalicə-diaqnostika mərkəzinin açılışı əlamətdar hadisədir. Bu bina həm xarici görünüşünə görə gözəl memarlıq əsəridir, həm də ki, burada bütün tibbi xidmətin olması çox sevindiricidir: həm poliklinika şöbəsi, stasionar şöbə, əməliyyatxanalar, reanimasiya otaqları və diaqnostika şöbəsi.

Burada bütün standartlar dünya səviyyəsindədir və belə də olmalıdır. Azərbaycanda, bölgələrdə yeni tikilmiş və təmir edilmiş bütün səhiyyə ocaqları ən yüksək standartlara cavab verməlidir.

Bildiyiniz kimi, Xızı rayonu əhali baxımından o qədər də böyük deyildir. Ancaq buna baxmayaraq, qərar verilmişdi ki, Dövlət Neft Şirkəti Xızıda müasir müalicə-diaqnostika mərkəzi tiksin. Mən bu gün çox şadam ki, sizinlə bərabər bu mərkəzin açılışında iştirak edirik. Mənə verilən məlumata görə, Xızı rayon xəstəxanası o qədər də yaxşı vəziyyətdə deyil və göstəriş verəcəyəm ki, bəlkə bu mərkəzdə rayon xəstəxanası da fəaliyyət göstərsin.

Onda indiki xəstəxananın təmirinə ehtiyac qalmayacaq və eyni zamanda, ola bilər ki, biz bu müalicə-diaqnostika mərkəzinin təyinatına da müəyyən düzəlişlər edək, burada sanatoriya xidməti də göstərilə bilər. Bir sözlə, Azərbaycanda səhiyyə sisteminin möhkəmləndirilməsi istiqamətində növbəti gözəl addım atılmışdır. Artıq Xızıda da yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün bütün şərait var.

Bütövlükdə ölkəmizin bütün bölgələrində müasir diaqnostika-müalicə mərkəzləri tikilir. Həm Dövlət Neft Şirkətinin xətti ilə, eyni zamanda Səhiyyə Nazirliyinin xətti ilə həm təmir-bərpa işləri aparılır, yeni xəstəxanalar, diaqnostika mərkəzləri tikilir və artıq biz bu işlərin nəticələrini də görürük. İnsanların sağlamlığı bizim üçün birinci dərəcəli məsələdir, prioritet məsələdir. Əlbəttə, sağlamlığı təmin etmək üçün ilk növbədə, səviyyəli tibbi xidmət göstərilməlidir, xüsusilə diaqnostika imkanları da yüksək səviyyədə olmalıdır. Son illər ərzində Azərbaycanda - həm Bakıda, həm də bölgələrdə yaradılmış imkanlar yeni vəziyyətin yaranmasına gətirib çıxarmışdır. Müalicə-diaqnostika mərkəzlərində bütün xidmətlər pulsuzdur və mən bir daha hər bir Azərbaycan vətəndaşına tövsiyə edirəm ki, ildə bir dəfə müayinədən keçsin. Nəzərə alsaq ki, indi müalicə-diaqnostika mərkəzlərində ən müasir avadanlıqlar quraşdırılıb, bunu etmək üçün bütün imkanlar var.

Beləliklə, xəstəliyin qarşısını almaq üçün, profilaktik tədbirlərin görülməsi üçün gözəl şərait yaradılmışdır. Bildiyiniz kimi, bu yaxınlarda Bakı şəhərində yeni böyük Sağlamlıq Mərkəzinin təməli qoyulmuşdur. Ondan əvvəlki dövrdə həm Bakıda, həm də bütün bölgələrdə yeni səhiyyə ocaqları tikilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında da növbəti illərdə yeni xəstəxanaların tikintisi nəzərdə tutulur və beləliklə, bir neçə ildən sonra, demək olar ki, Azərbaycanda, bütün bölgələrdə yüksək səviyyəli tibbi xidmətin göstərilməsi üçün bütün şərait yaradılacaqdır.

Bu, bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasəti sosialyönümlüdür, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşları sağlam olmalıdır. Ona görə biz bu şəraiti yaradırıq, insanların sağlamlığı üçün, gənc nəslin sağlamlığı üçün başqa tədbirlər də görülür. Bütün bölgələrdə olimpiya idman kompleksləri tikilir, ekoloji tədbirlər gücləndirilir, ölkəmizdə həyata keçirilən böyük su layihələri də məhz bu məqsədi güdür. Həkimlər yaxşı bilir ki, insanın sağlamlığı üçün ilk növbədə, təmiz, keyfiyyətli su olmalıdır, keyfiyyətli qida olmalıdır. Ona görə bu istiqamətdə görülən işlər əlbəttə ki, sevindiricidir. Ancaq biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daha da böyük işlər görməliyik və görəcəyik.

Bütövlükdə ölkəmizdə bütün istiqamətlər üzrə işlər yaxşı gedir. İqtisadi inkişaf sürətlidir, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkə kimi artıq özünü tanıtdırıb və qəbul edilmiş proqramlar, xüsusilə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı bizə imkan verir ki, ölkəmiz hərtərəfli inkişaf etsin.

O cümlədən Xızı rayonunda da müsbət dəyişikliklər göz qabağındadır. Rayonun infrastrukturunun inkişafı üçün çox vacib tədbirlər görülmüşdür, yol çəkilibdir. Həm magistral yol - Bakı-Rusiya sərhədi magistral yolunun bir hissəsi xızılılara da xidmət edir, eyni zamanda, trasdan Xızıya çəkilmiş yeni yol da yüksək səviyyədədir. Mənə indi verilən məlumata görə, Xızıda işıq problemi yoxdur, qaz problemi yoxdur, qazlaşdırma demək olar ki, yüz faizə çatıbdır. Bu, böyük uğur, böyük nailiyyətdir. İndi içməli su-kanalizasiya layihələri icra edilir, əminəm ki, yaxın vaxtlarda bu məsələ də öz həllini tapacaqdır. Məktəblərin tikintisi, təmiri gedir, gözəl diaqnostika-müalicə mərkəzi tikilibdir. Yəni insanların sağlamlığı, normal yaşaması üçün bütün şərait var.

Azərbaycanda kənd təsərrüfatının inkişafı, turizmin inkişafı sürətlə gedir, o cümlədən Xızı rayonunda da gedir və daha da sürətlə getməlidir. Mən hesab edirəm, növbəti illərdə biz çalışmalıyıq ki, burada yeni mehmanxanalar, turizm obyektləri tikilsin ki, həm rayon daha da sürətlə inkişaf etsin, həm də Azərbaycan vətəndaşları və xarici qonaqlar gəlib burada istirahət etsinlər.
Mən sizi bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm, Sizə uğurlar, cansağlığı arzulayıram və arzu edirəm ki, Xızıda həmişə işlər yaxşı getsin.

Xızı ictimaiyyətinin nümayəndələri adından Prezident İlham Əliyevə minnətdarlığını bildirən tibb işçisi Jalə HÜSEYNOVA dedi:

- Möhtərəm cənab Prezident, biz də rayon ictimaiyyəti, xızılılar, səhiyyə işçiləri adından Sizi ürəkdən salamlayırıq, Sizə "Xoş gəlmisiniz!" deyirik.

Bu, son üç il ərzində rayonumuza ikinci səfərinizdir. Sizin hər səfəriniz, hər gəlişiniz rayonumuzun inkişafına, tərəqqisinə böyük təkan verir. Doğrudan da, dünənki Xızı ilə indiki Xızını tanımaq mümkün deyildir. Yeni parklar salınıb, binalar tikilir. Bayaq çıxışınızda dediyiniz kimi, yeni yollar çəkilir, abadlaşdırma işləri görülür. Bütün bunlar Sizin Xızıya olan xüsusi diqqətinizin, qayğınızın nəticəsidir. Elə açılışında iştirak etdiyimiz, müasir avadanlıqla təchiz olunmuş möhtəşəm müalicə-diaqnostika mərkəzinin istifadəyə verilməsi də Sizin Xızıya olan xüsusi sevginizin bariz nümunəsidir. Doğrudan da, bir həkim kimi etiraf etmək istəyirəm ki, biz diaqnozların dəqiqləşdirilməsində böyük çətinlik çəkirdik. Sakinlərimiz Bakıya, qonşu rayonlara üz tuturdular. İndi isə bizə bəxş etdiyiniz bu töhfə nəticəsində həm sakinlərimiz, həm də biz səhiyyə işçiləri üçün bu problemlər aradan qalxacaqdır. Buna görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Əziz Prezident, fürsətdən istifadə edərək, Milli Məclisin deputatı, doğrudan da Sizinlə çiyin-çiyinə çalışan, hamımızın sevimlisi, bizim həmkarımız Mehriban xanıma salamlarımızı çatdırmağınızı xahiş edirik. Körpədən tutmuş qocaya qədər hamımıza göstərdiyi xüsusi diqqət və qayğıya görə ona dərin minnətdarlığımızı bildiririk.

Əziz Prezident, doğrudan da Siz sözü, əməli bir olan Prezidentimizsiniz. Siz daim bizim yanımızdasınız. Hələ 2003-cü ildə Prezident seçilərkən dediyiniz "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" sözləriniz tam bir həqiqətə çevrilmişdir. Siz daim bizim rifahımızın keşiyindəsiniz. Bizim üçün yaratdığınız hərtərəfli şəraitə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizinlə fəxr edirik. Sizi çox istəyirik. Hər şeyə görə sağ olun.

Prezident İlham ƏLİYEV:

- Çox sağ olun. Burada həm xəstələr üçün, həm də həkimlər üçün yaxşı şərait yaradılıbdır. Həkimlərin iş yeridir və belə gözəl binada işləmək əlbəttə ki, çox xoş olacaqdır.
Sağ olun.

Sonra ictimaiyyətin nümayəndələri və mərkəzin kollektivi dövlətimizin başçısı ilə xatirə şəkli çəkdirdilər.

Xəbər lenti

Xəbər lenti