...

Polşa Prezidenti Bibiheybət buxtasında polşalı mühəndisin məzarını ziyarət edib

Siyasət Materials 26 İyul 2011 13:48 (UTC +04:00)
Polşa Respublikasının Prezidenti Bronislav Komorovski iyulun 26-da Bibiheybət buxtasında tanınmış polşalı mühəndis, Azərbaycanda neft sənayesinin inkişafında böyük xidməti olan Pavel Pototskinin məzarını ziyarət edərək əklil qoyub
Polşa Prezidenti Bibiheybət buxtasında polşalı mühəndisin məzarını ziyarət edib

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Polşa Respublikasının Prezidenti Bronislav Komorovski iyulun 26-da Bibiheybət buxtasında tanınmış polşalı mühəndis, Azərbaycanda neft sənayesinin inkişafında böyük xidməti olan Pavel Pototskinin məzarını ziyarət edərək əklil qoyub.

Trend-in məlumatına görə, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycanda neft sənayesinin, o cümlədən dəniz yataqlarından neft hasilatının tarixi, bu işdə əhəmiyyətli rol oynamış istedadlı mühəndis Pavel Pototskinin fəaliyyəti haqqında qonağa məlumat verdi.

Bildirilib ki, 1901-ci ildə dünyada çıxarılan neftin yarıdan çoxu (10,75 milyon ton), Rusiyada isə 95 faizi Azərbaycanın payına düşürdü. Hasilatı daha da artırmaq üçün hələ 1909-cu ildən Xəzər dənizinin Bibiheybət buxtasında neft mədəni yaratmaq təşəbbüsləri olmuşdu. Müxtəlif layihələr nəzərdən keçirilmiş, lakin onların heç biri reallaşmayıb. 1922-ci ildə bu işə yenidən başlanılmış və ona rəhbərlik Pavel Pototskiyə tapşırılıb. Pototski 1919-cu ildə görmə qabiliyyətini itirsə də, çox təcrübəli mütəxəssis idi. 1923-cü ilin aprelində ilk quyu gündə 800 ton neft hasilatı ilə istismara verilmişdi. Ümumiyyətlə, Pototskinin rəhbərliyi ilə Bibiheybət buxtasında 300 hektar sahə qurudularaq, yeni neft mədəni yaradılıb.

Pavel Pototski özünün məhz burada dəfn olunmasını vəsiyyət edib.

Onun məzarüstü abidəsində polyak, Azərbaycan və ingilis dillərində bu sözlər yazılıb: "Polşa mühəndisi Pavel Pototski (1879-1932). Bibiheybət buxtasını qurudaraq, dünyada ilk dəfə dənizin dibindən neft çıxarılmasına nail olmuşdur".

Prezident Bronislav Komorovski ətraf ərazidəki neft buruqlarına tamaşa etdi.

Xəbər lenti

Xəbər lenti