Azərbaycan, Bakı, 10 avqust /Trend/
Suriya ordusu ölkənin Hama səhərindən geri çəkilir. Bu barədə Trend ərəb mediasına istinadən məlumat verib.
Avqustun 1-dən etibarən Suriya ordusu Hama şəhərinə daxil olub, ordu ilə nümayişçilər arasında baş verən toqquşma zamanı 145 nəfər qətlə yetirilib.
Bu gün Suriyanın Dir əl-Zur şəhərində ordu ilə Prezident Bəşşar Əsədin əleyhdarları arasında baş verən toqquşmada 34 nəfər öldürülüb. Ölənlər arasında 10 nəfər azyaşlı uşağın olduğu bildirilir.
Suriya Prezidenti Bəşşar Əsəd Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu ilə çərşənbə axşamı keçirdiyi görüşdən sonra verdiyi açıqlamada ölkəsinin terror qruplarına əsla rəhm etməyəcəyini bildirib.
Suriyanın bir çox şəhərlərində ordu ilə Prezident Bəşşar Əsədin istefasını tələb edən nümayişçilər arasında toqquşmalar zamanı 1000-dən çox nümayişçi qətlə yetirilib. Suriya rəsmiləri bu rəqəmin 100-dən az olduğunu və qətlə yetirilənlərin dinc əhali deyil, silahlı terror qruplaşmalarının üzvləri olduğunu bildirib.
Suriyada baş verən hadisələrə etiraz olaraq Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn bu ölkədəki səfirlərini geri çağırıblar.