...

Xəzər dənizində külək enerjisi layihəsi üzrə 5 ərazi seçilib (EKSKLÜZİV)

Yaşıl iqtisadiyyat Materials 1 Avqust 2025 13:13 (UTC +04:00)
Xəzər dənizində külək enerjisi layihəsi üzrə 5 ərazi seçilib (EKSKLÜZİV)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər dənizində külək enerjisi layihəsi ilə bağlı 5 müxtəlif ərazi seçilib.

Bu barədə Trend-ə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev müsahibəsində deyib.

O, dənizdə külək enerjisi layihələri ilə bağlı bunları bildirib: “Bu layihələr böyük həcmli bazarlar deməkdir. Xəzər dənizinin Azərbaycana məxsus hissəsində külək enerjisinin ümumi texniki potensialı 157 QVt (dayazsulu hövzələrdə 35 QVt və dərinsulu hövzələrdə 122 QVt) səviyyəsində qiymətləndirilir. Külək enerjisinə pik tələbatımız 4,5 qiqavat həcmindədir. Qoyuluş güclərimizin həcmi isə bu göstəricini iki dəfə aşır. Ona görə də bu layihələrin hər biri ixrac üçün nəzərdə tutulmalıdır. Bunun üçün isə ixrac marşrutu olmalıdır.

Dənizdə külək layihəsi ilə bağlı əvvəlcə ərazinin seçilməli olduğunu vurğulayan agentlik rəhbəri qeyd edib ki, dənizdə ərazinin seçilməsi qurudakına nisbətən çox çətindir: "Amma biz artıq bütün aidiyyəti qurumlarla dənizdə külək enerjisi istehsalı ilə bağlı ərazinin seçilməsini razılaşdırmışıq. Xəzər dənizinin Abşeron yarımadasının şimal hissəsində dənizdə külək enerjisi istehsalı ilə bağlı 5 müxtəlif ərazini müəyyənləşdirimişik. Bu ərazilərdə ən azı 10-15 giqavatlıq stansiya tikmək olar. Hazırda həmin zonaların bərpa olunan enerji mənbələri ərazisi kimi elan olunmasını gözləyirik. Bununla bağlı müraciətlərimizi də etmişik".

C. Abdullayevin sözlərinə görə, daha sonra zəruri şəbəkə infrastrukturu (sahil infrastrukturu) quraşdırılmalıdır: "Asiya İnkişaf Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) bu istiqamətdə təhlillərin aparılması üçün bizə vəsait də ayırıb.

Külək turbinini dənizdə quraşdırdıqdan sonra istehsal ediləcək elektrik enerjisini sahilə çıxarmaq üçün müəyyən ərazini təyin etmək lazım olacaq. Digər mühüm məsələ dənizdəki turbinlərin ölçüsünün çox böyük olmasıdır. Hətta indi ekpremental 26 meqavatlıq turbinlər haqqında danışırlar. Biz dənizdə küləyin sürətinin ölçmələrinə başlamışıq. Belə ki, hazırda Çin şirkətləri ilə birlikdə ölçmələrlə bağlı müqavilə bazasını yekunlaşdırırıq və ölçmələrə start veririk. Yəni əvvəlcə dənizdə külək ölçülməlidir və ondan sonra ona uyğun külək turbinləri müəyyənləşdirilməlidir. Daha sonra turbinlərin çatıdırılması üçün logistik həllər təklif edilməlidir".

"Hazırda ən böyük istəyimiz dənizdə külək enerjisi layihələrində ciddi irəliləyişə nail olmaqdır. Bu istiqamtədə çox böyük maraq və çox böyük rəqabət hökm sürür”, - deyə C. Abdullayev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti