...

Xalq artisti Arif Babayev vəfat edib (YENİLƏNİB)

Cəmiyyət Materials 1 Avqust 2025 09:15 (UTC +04:00)
Xalq artisti Arif Babayev vəfat edib (YENİLƏNİB)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Mədəniyyət Nazirliyi Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin ölümü ilə bağlı nekroloq yayıb.

Trend xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev vəfat etmişdir.

Arif Babayev uzun illər ərzində milli musiqi sənətimizin inkişafında, muğam məktəbinin qorunub saxlanılmasında və yeni nəsil ifaçıların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. Onun zəngin yaradıcılığı, pedaqoji fəaliyyəti və sənətə verdiyi töhfələr xalqımızın mədəni irsində daim yaşayacaqdır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mərhum sənətkarın ailəsinə, yaxınlarına və bütün mədəniyyət ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!".

Qeyd edək ki, Xalq artisti Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıhacılı kəndində doğulub.

1960-cı illərdən peşəkar yaradıcılığa Bakı şəhərində başlayıb, əvvəl Azərbaycan Dövlət Filarmoniyasında, daha sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solo muğam ifaçısı kimi fəaliyyət göstərib. Muğam operalarında Məcnun (“Leyli və Məcnun”), Kərəm (“Əsli və Kərəm”), Aşıq Qərib və Camal kimi yaddaqalan obrazlar onun repertuarında öndədir. 1978‑ci ildə Əməkdar artist, 1989‑cu ildə isə Xalq artisti adına layiq görülüb, həmçinin “Şöhrət” (1998), “İstiqlal” (2008) və “Şərəf” (2018) ordenləri ilə təltif olunub.

xxx

08:57

Xalq artisti Arif Babayev vəfat edib.

Trend-in məlumatına görə, bu barədə onun oğlu Yaşar Babayev məlumat verib.

Xatırladaq ki, 23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. İyulun 24-də isə Xalq artisti Arif Babayev təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıda yerləşən Mərkəzi Klinik Xəstəxanasına gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti