...

Fransa mətbuatında Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş məqalə dərc edilib

Siyasət Materials 18 Avqust 2011 14:20 (UTC +04:00)
Fransa mətbuatında Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş məqalə dərc edilib
Fransa mətbuatında Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş məqalə dərc edilib

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Fransada nəşr olunan tanınmış "La Lettre Diplomatique " (Diplomatik Məktub) jurnalının avqust buraxılışında Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr olunmuş və "Neft və qaz potensialının iqtisadiyyatın diversifikasiyası prosesində rolu" başlığı altında 10 səhifəlik məqalə dərc edilib. Bu barədə Trend-ə Azərbaycanın Fransadakı səfirliyindən bildirilib.

Məqalədə Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyovun, Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Kellerin, Fransanın Milli Assambleyasında Azərbaycan-Fransa dostluq qrupunun prezidenti Jan-Lui Dumonun, Azərbaycan-Fransa Ticarət Palatasının prezidenti Ardavan Amir-Aslaninin, Fransanın Tunellər və Yeraltı sahə üzrə Cəmiyyətinin prezidenti Alan Balanın, Bordo Siyasi Elmlər İnstitutunun Qafqaz regionu üzrə elmi-tədqiqatçısı Samuyel Lusakın və Paris Universitetinin professoru Edmond Juvenin müsahibələri yer alıb.

Müsahibələrdə bildirilir ki, Azərbaycan neft ölkəsi kimi tanınır və bu, təbii haldır, çünki dünyada ilk dəfə neft sənaye üsulu ilə məhz Azərbaycanda çıxarılıb, dənizdən neft çıxarılması da ilk dəfə Azərbaycanda həyata keçirilib.

Daha sonra bildirilir ki, bu il Azərbaycan öz müstəqilliyini bərpa etməsinin 20 illiyini qeyd edir və bu dövr, xüsusilə də müstəqilliyin bərpa edilməsinin ilk illəri Azərbaycan üçün çox çətin olub. Buna baxmayaraq, 1993-cü ildən etibarən Azərbaycan rəhbərliyi tərəfindən aparılan düzgün iqtisadi siyasət Azərbaycan iqtisadiyyatının uğurla, hərtərəfli inkişaf etməsinə səbəb olub.

Məqalədə vurğulanır ki, Azərbaycan Fransa ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə və xüsusilə də qeyri-neft sektorunda əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verir. Azərbaycan və Fransa prezidentləri, nazirləri və digər yüksək vəzifəli məmurları müxtəlif əməkdaşlıq məsələlərinə dair 30-dan artıq hüquqi sənəd imzalayıblar və beləliklə iqtisadi əməkdaşlıq üçün zəruri hüquqi baza yaradıblar. Azərbaycan və Fransa prezidentləri İlham Əliyev və Nikola Sarkozi sonuncu görüşləri zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə dair öz tövsiyələrini bildiriblər.

Məqalədə qeyd edilir ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsini istəyir.

Bununla yanaşı, məqalədə Azərbaycanla Fransanın mədəni, təhsil və parlamentlər arasındakı əməkdaşlıqlarının intensiv inkişaf etdirilməsindən bəhs edilir və bu prosesdə Azərbaycan Milli Məclisində Azərbaycan-Fransa dostluq qrupunun yeni prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi rolu qeyd edilir.

Məqaləni http ://www .lalettrediplomatique .fr /contribution .php ?choixlang =2&id =46&idrub =211#haut linkindən oxumaq olar.

Xəbər lenti

Xəbər lenti