...

Azərbaycan Gürcüstanın iqtisadi həyatında mühüm rol oynayır - səfirliyin müşaviri

Siyasət Materials 29 Avqust 2011 13:03 (UTC +04:00)
Gürcüstan-Azərbaycan əməkdaşlığının regionda təhlükəsizliyin təminatı olduğu heç kimə sirr deyil.
Azərbaycan Gürcüstanın iqtisadi həyatında mühüm rol oynayır - səfirliyin müşaviri

Gürcüstan, Batumi, 29 avqust /Trend, müxbir T.Hacıyev/

Gürcüstan-Azərbaycan əməkdaşlığının regionda təhlükəsizliyin təminatı olduğu heç kimə sirr deyil. Trend-in məlumatına görə, bunu bazar ertəsi Gürcüstanın Batumi şəhərində Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən "Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontenstində" mövzusundakı konfransdakı çıxışı zamanı Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadə bildirib.

Mehdizadə qeyd edib ki, Azərbaycan Gürcüstanın iqtisadi həyatında da mühüm rol oynayır. Hazırda Gürcüstanda 200-dən çox Azərbaycan şirkəti rəsmi qeydiyyatdan keçib və bu şirkətlər Gürcüstanın aparıcı şirkətləridir. Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstan bölməsi Gürcüstanın ən böyük vergi ödəyicisidir.

Onun sözlərinə görə, azərbaycanlılar Gürcüstan həyatının bütün sahələrində - həm iqtisadiyyat, həm siyasət, həm də digər sahələrdə aktiv iştirak edirlər. Gürcüstan azərbaycanlılarının ən başlıca problemi dillə bağlıdır.

"Gürcüstan azərbaycanlılarının gürcü dilini öyrənmələrinə mane olan problemləri aradan qaldırmaq lazımdır", - müşavir qeyd edib.

Konfrans avqustun 28-dən öz işinə başlayıb.

Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, millət vəkilləri Qənirə Paşayeva, Musa Qasımov, Gülər Əhmədova iştirak edirlər. Budan əlavə, Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Mirza Davitaya və Azərbaycanın Batumidəki baş konsulu Hüseyn Nəcəfov da tədbirdə iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti