...

Azərbaycan Prezidenti Quba rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb

Siyasət Materials 4 Oktyabr 2011 20:37 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Quba rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Quba rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Quba rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Quba rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Quba rayon İcra Hakimiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Zəngin tarixə və bənzərsiz təbiətə malik Quba rayonu Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatında hər zaman əhəmiyyətli rol oynayıb. Rayonun ərazisində 134 tarixi-arxeoloji abidə, o cümlədən eramızdan əvvəlki dövrlərə aid Gültəpə, Çarıqtəpə, Pirtəpə kurqanları ilə yanaşı, türbələr, məbədlər və məqbərələr, XIX əsrə aid Hacı Cəfər, Səkinəxanım və Cümə məscidləri mövcuddur. Əhalisi ayrıca etnoqrafik qrup təşkil edən və unikal xüsusiyyətləri ilə seçilən Xınalıq kəndi bu rayondakı qədim yüksək mədəniyyətdən xəbər verir. Quba rayonundakı müxtəlif dini konfessiyalara mənsub insanların əsrlərdən bəri birgə yaşaması ölkəmizdə tolerantlığın parlaq nümunəsi sayıla bilər.

Quba rayonu ərazisində aparılmış arxeoloji qazıntılar qədim və yeni dövr tariximizin bir sıra qaranlıq səhifələrinə aydınlıq gətirib. Araşdırmalar nəticəsində Qubada 1918-ci ildə erməni quldur dəstələri tərəfindən qətlə yetirilmiş insanların kütləvi məzarlığı aşkar edilib. Baş verənlərin dünya ictimaiyyətinə çatdırılması və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün rayonda "Soyqırım abidə-muzey kompleksi" yaradılır.

Quba rayonunda son illər ərzində mühüm infrastruktur layihələri yerinə yetirilib, həmçinin "Şahdağ" modul tipli elektrik stansiyası, Müalicə-Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi və ən müasir tələblərə cavab verən hotellər, turizm obyektləri, təhsil, mədəniyyət, sənaye müəssisələri inşa olunub, yeni yollar çəkilib. Qubanın tarixi görkəminin saxlanılması, qədim abidələrinin bərpası və turizm imkanlarından dolğun istifadə olunması burada abadlaşdırma işlərinin genişləndirilməsini zəruri edir.

Xəbər lenti

Xəbər lenti