Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir M.Əliyev/
Oktyabrın 17-də Rusiyanın "Ria-Novosti" beynəlxalq agentliyində "Rusiya-Azərbaycan-ABŞ çoxşaxəli siyasət kontekstində" mövzusunda Moskva-Bakı-Vaşinqton telekörpüsü keçiriləcək.
Trend-in məlumatına görə, tədbir Azərbaycanın müstəqilliyinin bərpası 20-ci ildönümünə həsr olunub.
Telekörpüdə müzakirələrin əsas mövzusu Cənubi Qafqazın təhlükəsiz və stabil regiona çevrilməsi, ABŞ-ın Cənubi Qafqazdakı marağının Rusiya, Azərbaycan və digər region ölkələrin maraqları ilə nə dərəcədə üst-üstə düşməsi məsələsi, həmçinin regionda həll olunmayan münaqişələr müzakirə olunacaq.
Tədbirdə Xəzər Əməkdaşlıq İnstitutunun baş direktoru Sergey Mixeev, Mərkəzi Asiya, Qafqaz ölkələrinin öyrənilməsi üzrə mərkəzin işçi qrupunun koordinatoru, politoloq Aleksandr Skakov, Con Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutunun tədqiqat direktoru Svante Kornel, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin və Dövlət Departamentinin sabiq analitiki, politoloq Pol Qobl, Azərbaycan Diplomatiya Akademiyasının İcraçı direktoru Fariz İsmayılzadə, Amerika Təhsilli Azərbaycan Məzunları Birliyinin rəhbəri Ceyhun Kərəmov iştirak edəcəklər.