...

Hakim partiya: BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi dünyada Azərbaycanın siyasətinə verilən qiymətdir

Siyasət Materials 25 Oktyabr 2011 12:31 (UTC +04:00)
Azərbaycanın gənc bir dövlət olaraq dünyanın ən mötəbər təşkilatı sayılan BMT-nin Təhlükəsizlik Şurasına qeyri- daimi üzv seçilməsi ölkəmizin həyata keçirdiyi siyasətə dünyada verilən qiymətin bariz ifadəsidir.
Hakim partiya: BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi dünyada Azərbaycanın siyasətinə verilən qiymətdir

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın gənc bir dövlət olaraq dünyanın ən mötəbər təşkilatı sayılan BMT-nin Təhlükəsizlik Şurasına qeyri- daimi üzv seçilməsi ölkəmizin həyata keçirdiyi siyasətə dünyada verilən qiymətin bariz ifadəsidir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov bildirib.

Əhmədov qeyd edib ki, bu, Azərbaycanın dünya siyasətində, beynəlxalq aləmdə mövqeyinin əhəmiyyətli dərəcədə yüksəlməsini bir daha ortaya qoydu.

"Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi ölkənin beynəlxalq aləmdə oynadığı rolun xeyli dərəcədə fəallaşmasına, artmasına gətirib çıxaracaq. İnanmaq istəyirəm ki, bu, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində aparılan diplomatik səylərin əhəmiyyətini artıracaq", - millət vəkili deyib.

YAP rəsmisinin sözlərinə görə, Azərbaycan terrora məruz qalmış ölkə kimi beynəlxalq aləmdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi terrorizmə qarşı mübarizənin daha səmərəli aparılmasına da öz böyük tövhəsini verəcək.

Azərbaycan BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Səsvermənin axırıncı mərhələsindən əvvəl Sloveniyanın xarici işlər naziri Samuel Zboqar öz ölkəsinin namizədliyini geri götürdüyünü bildirib. Bundan əvvəl baş tutan səsvermə mərhələsində Azərbaycan 116, Sloveniya isə ancaq 77 səs toplayıb.

Axırıncı mərhələdə Azərbaycan lehinə 155 ölkə səs verib, 24 ölkə bitərəf qalıb və daha 13 ölkə yenə də Sloveniyaya səs verib.

Bundan daha əvvəl keçirilən altı səsvermə mərhələsinin hər birində Azərbaycan Sloveniyadan çox səs toplamışdı, lakin seçilmək üçün tələb olunan 129 səsi yığa bilməmişdi.

Xəbər lenti

Xəbər lenti