Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir B.Hacıyev/
Oktyabrın 24-də Azərbaycanın işğal olunmuş ərazilərində, xüsusilə də Ağdamda ermənilər tərəfindən mədəni irsimizin və tarixi abidələrimizin dağıdılması ilə bağlı Kanadanın Ottava Universitetində Ermənistan-Azərbaycan müharibəsindən əvvəlki və sonrakı vəziyyətləri əks etdirən "Ağdam - Qafqazın Xirosiması" (Agdam - Caucasian Hiroshima) adlı fotosərginin açılış mərasimi keçirilib. Sərgi Azərbaycan-Kanada Şurasının və Azərbaycanın Kanadadakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Səfirlikdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Azərbaycan-Kanada Şurasının üzvü Yaşar Muğan 2011-ci ilin oktyabr ayında ölkəmizin dövlət müstəqilliyinin bərpasının 20 illiyinin qeyd olunduğunu qeyd edərək, Ermənistan-Azərbaycan münaqişəsi haqqında dinləyicilərə qısa məlumat verib.
Tədbirdə çıxış edən Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev Azərbaycan torpaqlarının hələ də işğal altında olduğunu və işğalın davam etməsinin Ermənistanın inkişafının qeyri-mümkün olduğunu diqqətə çatdırıb. Ölkəmizin son illər ərzində bir sıra sahələrdə böyük uğurlar əldə etdiyini bildirən səfir Azərbaycanın 2012-2013 illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini xüsusilə qeyd edib.
Sərgidə nümayiş etdirilən fotoların müəllifi olan isveçrəli müstəqil jurnalist Andre Vidmer (Andre Widmer) jurnalistlərin hər zaman həqiqəti açıq şəkildə söyləməli olduğunu bildirərək, işğal olunmuş Azərbaycan torpaqlarındakı ermənilər tərəfindən aparılan dağıntılar barədə qonaqlara ətraflı məlumat verib.
Həmçinin, fotosərgidə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və "İnam" Plüralizm Mərkəzinin birgə təşkilatçılığı ilə hazırlanmış "Ağdam - Qafqazın Xirosiması" adlı sənədli film də nümayiş etdirilib.
Tədbirdə yerli ictimaiyyətin, o cümlədən Ottavada yaşayan müxtəlif icmaların nümayəndələri iştirak ediblər.