...

ABŞ və Türkiyə terrorizmlə mübarizədə əməkdaşlığı müzakirə edəcəklər

Siyasət Materials 26 Oktyabr 2011 11:42 (UTC +04:00)
ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Aleksandr Verbşounun başçılıq etdiyi nümayəndə heyəti terrorizmlə mübarizədə əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Türkiyəyə səfər edəcək.
ABŞ və Türkiyə terrorizmlə mübarizədə əməkdaşlığı müzakirə edəcəklər

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir A.Tağıyeva/

ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Aleksandr Verbşounun başçılıq etdiyi nümayəndə heyəti terrorizmlə mübarizədə əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Türkiyəyə səfər edəcək. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nuland bildirib. Trend-in məlumatına görə, xəbəri çərşənbə günü CNN Türk telekanalı yayıb.

Nulandın sözlərinə görə, ABŞ terrorizmlə mübarizədə Türkiyəyə yardım etməyə həmişə hazırdır və Ankaranı bu məsələdə qonşu ölkələrlə əməkdaşlığa çağırır.

Türkiyə son zamanlar terrorla aktiv mübarizəyə başlayıb. Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında kürd separatçılarının mövqelərinə aviazərbələr endirir.

Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra aviazərbələr endirib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü.

PKK yaraqlılarının oktyabrın 19-na keçən gecə İraqla həmsərhəd Hakkari vilayətində 24 hərbiçinin həlak olması və 18-nin yaralanması ilə nəticələnən terror aktına cavab olaraq Türkiyə ordusu oktyabrın 20-dən İraqın şimalındakı beş rayonda yerüstü və hava əməliyyatlarına başlayıb. Əməliyyatlara 10 minlik qoşun qruplaşması, o cümlədən xüsusi təyinatlılar cəlb edilib.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Xəbər lenti

Xəbər lenti