...

Rəcəb Tayyib Ərdoğan: Türk dövlətləri arasındakı dostluq münasibətlərinin daha da genişlənməsi yönündə medianın üzərinə önəmli məsuliyyət düşür

Siyasət Materials 28 Oktyabr 2011 11:45 (UTC +04:00)
Türk dövlətləri arasında dostluq münasibətlərinin daha da genişlənməsi, sürətlənməsi və gələcək perspektivlərin axtarılması yönündə medianın üzərinə önəmli məsuliyyət düşür.
Rəcəb Tayyib Ərdoğan: Türk dövlətləri arasındakı dostluq münasibətlərinin daha da genişlənməsi yönündə medianın üzərinə önəmli məsuliyyət düşür

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir T.Hacıyev/

Türk dövlətləri arasında dostluq münasibətlərinin daha da genişlənməsi, sürətlənməsi və gələcək perspektivlərin axtarılması yönündə medianın üzərinə önəmli məsuliyyət düşür. Bu baxımdan, medianın əməkdaşlığının genişləndirilməsi
istiqamətində görülən işlərin çox önəmli nəticələri olacağına inanırıq. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda cümə günü öz işinə başlayan Türkdilli ölkələrin və toplumların II Media Forumunun iştirakçılarına təbrik məktubunda deyib.

Təbrik məktubunu Türkiyə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Murat Karakaya oxuyub.

Ərdoğan təbrik məktubunda zəlzələdən əziyyət çəkən Van əyalətinə yardım üçün bir növ, yarışa girən türk dövlətləri rəhbərlərinə, media mənsublarına və xalqlarına ölkəsi adından təşəkkür edib.

Baş nazir təbrikində vurğulayıb ki, güclü bir mediaya sahib olan Türkiyə qardaş ölkələr arasında olan bağların media yolu ilə daha da gücləndiriləcəyi düşüncəsi ilə Ankarada türkdilli ölkələrin media forumuna ev sahibliyi edib.

"Bu foruma göstərilən maraq, forumda paylaşılan dəyərli fikirlər və isti ortam yeni bir toplantı üçün hamımıza cəsarət verib. İkinci foruma ev sahibliyi etdiyi və forumu daha da genişləndirdiyi üçün azərbaycanlı məsləkdaşlarımıza təşəkkür edirik. Dövlətlərimiz və toplumlarımız arasında dünyada bənzəri olmayan bu qardaşlıq və dostluq duyğuları bu forumlar vasitəsi ilə daha da artacaq", - Ərdoğan təbrik məktubunda deyib.

Onun sözlərinə görə, üç gün öncə İzmirdə Azərbaycan və Türkiyə arasında imzalanan mətbuat və informasiya sahəsində əməkdaşlıq haqqında protokol ölkələrimiz arasında qardaşlıq və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində önəmli addım olub.

Bakıda oktyabrın 28-də Türkdilli ölkələrin və toplumların II Media Forumu öz işinə başlayıb.

Trend-in məlumatına görə, tədbirin təşkilatçıları Azərbaycan Mətbuat Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur.

Foruma Azərbaycanla yanaşı Türkiyədən, Qazaxıstandan, Qırğızıstandan, Özbəkistandan, Türkmənistandan, Şimali Kipr Türk Cumhuriyyətindən, Rusiya Federasiyasının Tuva, Saxa, Xakasiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Tatarıstan, Başqırdıstan respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, Avropada türklərin kompakt məskunlaşdığı bölgələrdən - Bolqarıstandan, Yunanıstandan, Makedoniyadan, İraqdan, Kosovadan nümayəndələr qatılıblar.

Xəbər lenti

Xəbər lenti