Azərbaycan, Bakı, 25 noyabr /Trend/
Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 12-ci iclası keçirilib. İclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
XİN-in mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Avropa İttifaqını isə hazırkı Aİ Sədrliyi tərəfindən Polşa Xarici İşlər Nazirliyinin dövlət katibi cənab Mikolay Dovqileviç və genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Avropa komissarı Ştefan Füle təmsil ediblər.
İclasa Azərbaycan tərəfi sədrlik edib. Görüşün başlanğıcında Aİ tərəfi Azərbaycanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və "Eurovision" mahnı müsabiqəsində birinci yer tutması münasibətilə təbriklərini çatdırıb. Bu xüsusda ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu alqışlanıb, bu nailiyyətlərin Azərbaycanı dünyaya tərənnüm etmək üçün yaxşı imkan olduğu Aİ tərəfindən bildirilib.
Azərbaycanın xarici işlər naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi haqqında Aİ tərəfinə geniş məlumat verib, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq və Avropa Qonşuluq Siyasəti üzrə Aİ-Azərbaycan Fəaliyyət Planında göstərildiyi kimi, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında həllinin vacibliyini vurğulayıb və bu prosesdə Aİ-nin rolu imkanları müzakirə edilib.
Danışıqlar çərçivəsində, həmçinin Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı formatında aparılmış fəaliyyət və gələcək əməkdaşlıq müzakirə olunub, mövcud əməkdaşlığın Aİ standartlarının Azərbaycanın inkişafı üçün xidmət edəcəyi qeyd olunub. Tərəflər Aİ ilə Azərbaycan arasında assosiasiya sazişi üzrə aparılan danışıqlarda əldə olunmuş nailiyyətləri alqışlayıb və müzakirələrin davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Eyni zamanda, Aİ ilə Azərbaycan arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Bununla bağlı Aİ nümayəndələri Avropanın enerji təhlükəsizliyi və enerji daşıyıcılarının diversifikasiyasında Azərbaycanın mühüm dayaqlardan biri olduğu və "Cənubi qaz dəhlizi" layihəsinin reallaşdırılmasında Azərbaycanın aparıcı rolunu xüsusilə vurğulayıblar. İclasda Aİ ilə Azərbaycan arasında enerji sahəsində mövcud olan strateji tərəfdaşlığın ikitərəfli əməkdaşlığın digər sahələrində əhatə olunması perspektivləri ətraflı şəkildə müzakirə olunub. Bu kontekstdə, xüsusilə Aİ ilə Azərbaycan arasında siyasi dialoqun aparılması, yüksək səviyyəli səfərlərin daha da artırılması və digər aktual məsələlər müzakirə olunub.
Rəsmi iclasdan sonra birgə işçi nahar yeməyi təşkil edilib. Nahar yeməyi zamanı Aİ ilə münasibətlərin indiki vəziyyəti və inkişaf perspektivləri, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, habelə regionda gedən digər proseslər ətrafında fikir mübadiləsi aparılıb.