...

Fuad Ələsgərov: Azərbaycanda korrupsiyaya qarşı mübarizədə güclü siyasi iradə var və islahatlar sistemli şəkildə davam etdiriləcək (MÜSAHİBƏ)

Siyasət Materials 5 Dekabr 2011 09:00 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü Fuad Ələsgərovun müsahibəsi
Fuad Ələsgərov: Azərbaycanda korrupsiyaya qarşı mübarizədə güclü siyasi iradə var və islahatlar sistemli şəkildə davam etdiriləcək (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü Fuad Ələsgərovun müsahibəsi

- "Transparency International" təşkilatı tərəfindən 2011-ci il üçün Korrupsiyanı Qavrama İndeksi açıqlanıb. Sizin bu indeksə münasibətiniz necədir?

- Korrupsiyanın səviyyəsinin ölkələr üzrə ölçülməsi daimi müzakirə edilən bir məsələdir. Bu sahədə nə beynəlxalq qurumlar, nə akademik təsisatlar tərəfindən hələ vahid metodologiya formalaşdırılmamışdır. Müxtəlif təşkilatlar fərqli metodologiyalardan istifadə edərək indekslər tərtib edirlər. "Transparency International" təşkilatı da korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət təşkilatlarından biri kimi özünəməxsus metodologiyadan istifadə edir. Nəticədə müxtəlif qurumlar tərəfindən tərtib edilən hesabatlar arasında bəzən ziddiyyətlər yaranır.

Ona görə də həmin qiymətləndirməyə münasibət birmənalı deyil. "Transparency International" təşkilatının özü də həmin indeksi sual altına qoyur. Bu metodologiyanın dəyişdirilməsi və hətta ondan imtina edilməsi ilə bağlı müzakirələr gedir.

"Transparency International" təşkilatı indeksi tərtib etmək üçün özü heç bir araşdırma aparmır və müxtəlif fərqli mənbələrdən daxil olan məlumatların ortaq indeksinin çıxarılmasına əsaslanır. Təşkilat ölkələrdəki real vəziyyətə deyil, daha çox mülahizələrə, qavrayışlara və təsəvvürlərə istinad edir. Qəribəsi də odur ki, "Transparency International" öz indeksini hazırlayarkən mənbə kimi digər təşkilatlara istinad etdiyi kimi, həmin təşkilatlar da öz hesabatlarını hazırlayarkən Transparency International-ın indeksinə istinad edirlər. Bu da nəticədə eyni informasiyanın bir dairədə daimi sonsuz sirkulyasiyasına və təkrar emalına gətirib çıxarır.

İndeksin tərtibində Azərbaycanla bağlı istifadə edilmiş mənbələri iki qrupa bölmək olar: iqtisadi və siyasi sahədə fəaliyyət göstərən təşkilatlar. İqtisadi sahədə olan mənbələrdə Azərbaycanın göstəriciləri yüksəkdir. Onların göstəriciləri obyektiv rəqəmlərə əsaslanır. Siyasi təşkilatlar tərəfindən aparılan dəyərləndirmələr isə ölkələrə münasibətdə subyektiv yanaşmanı və bəzi dövlətlərə münasibətdə favoritizm hallarını istisna etmir. Bu baxımdan ölkələrlə bağlı göstəricilər bir sıra hallarda reallığı əks etdirmir.

Eyni zamanda, Azərbaycanın indeksinin hazırlanması üçün məlumatlar əsasən 2009-cu ilin dekabrından 2010-ci ilin sentyabrına qədər olan müddəti əhatə etmiş və hətta həmin dövr üçün heç də bütün məlumatlar orada öz əksini tapmamışdır. "Transparency International" təşkilatının milli bölməsi də bunu etiraf edir.

"Transparency International" təşkilatının Bakı ofisinin rəhbəri də qeyd edir ki, "mülahizələr, həmişə real həyatda olan dəyişiklikləri bir qədər gecikmələrlə izlədiyindən bu indeksi ölkə tərəfindən görülən bütün işlərlə bağlı tam qiymətləndirmə aparmaq üçün yetərli hesab etmək olmaz".

Ona görə də qlobal ümumi yanaşma ondan ibarətdir ki, Transparency International-ın məruzələri mütləq mənada həqiqət mənbəyi kimi qəbul edilə bilməz və nisbi qəbul edilməlidir.

- Azərbaycanla bağlı builki indeksə münasibətiniz necədir?

- "Transparency International" təşkilatının indeksində Azərbaycan keçən ildə olduğu kimi 2.4 bal toplamışdır. Korrupsiyanı Qavrama İndeksində əsas göstərici ölkələrin topladığı ballardır. Azərbaycanın mövqeyi keçən illə müqayisədə dəyişmədən qalmışdır. Sadəcə builki indeksə keçən ildən fərqli olaraq yeni dövlətlər daxil edilmişdir və nəticədə Azərbaycanın yeri dəyişmişdir.

Ona görə də indeksin prizmasından baxdıqda Azərbaycanın balı sabitdir və burada qətiyyən geriləməkdən söhbət gedə bilməz. Ancaq bu hal bir sıra mətbuat orqanları tərəfindən spekulyasiya edilmiş və göstəricilər təhrif olunmuş formada ictimaiyyətə təqdim edilmişdir.

- Sizcə ölkəmizlə bağlı 2.4 bal reallığı əks etdirirmi?

- Birmənalı olaraq əks etdirmir. Ölkəmizdə həyata keçirilən korrupsiyaya qarşı mübarizə belə hesabatlardan asılı olmayaraq aparılır. 2004-cü ildən başlayaraq bu sahədə sistemli hüquqi və institusional islahatlar aparılmış və kompleks tədbirlər həyata keçirilmişdir. 2011-ci ilin əvvəlində isə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları dayanıqlı inkişafın təmin olunması məqsədilə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini dövlət siyasətinin prioriteti elan etmişdir.

Yeni sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində ilin əvvəlindən başlayaraq korrupsiyaya qarşı mübarizəyə və dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsinə hədəflənmiş bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər həyata keçirilmişdir.

Belə ki, dövlət orqanlarında xidmət prosedurları sadələşdirilmiş, müasir idarəçilik metodları tətbiq edilmiş, "bir pəncərə" prinsipinin, elektron xidmətlərin və nağdsız ödənişlərin tətbiqi mexanizmləri təkmilləşdirilmişdir. Korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərlə yanaşı, cinayət təqibinin keyfiyyətinin artırılması istiqamətində mühüm işlər görülmüşdür. Vətəndaş cəmiyyəti institutları ilə də sıx əməkdaşlıq edilir və səmərəli dialoq aparılır. Qeyd etdiyim tədbirlərin müsbət təsiri artıq hiss edilir.

Həmin tədbirlərin hazırlanmasında təbii ki, beynəlxalq təcrübə, eyni zamanda,ixtisaslaşmış beynəlxalq təşkilatların rəyləri və tövsiyələri nəzərə alınır. Biz, ölkəmiz barəsində səslənən fikirlərə hər zaman həssasıq. Çünki hesabatları hazırlayanlar üçün belə indekslər sadəcə rəqəm və göstəricidir. Bizim üçün isə real həyatdır, gördüyümüz işlərdir. Ona görə də dövlətimizin inkişafı ilə bağlı fikirlər obyektiv olmayanda bu bizi təəssüfləndirir.

Sonda bir daha vurğulamaq istəyirəm ki, korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin edilməsi dövlət siyasətinin, inkişafımızın prioritetlərindən biridir. Azərbaycanda korrupsiyaya qarşı mübarizədə güclü siyasi iradə vardır və bu istiqamətdə islahatlar bundan sonra da sistemli şəkildə davam etdiriləcəkdir.

Xəbər lenti

Xəbər lenti