...

Əli Həsənov: Fransa Senatının qondarma "erməni soyqırımı" ilə bağlı qanunu fransız xalqının fikrini əks etdirmir

Siyasət Materials 7 Fevral 2012 14:03 (UTC +04:00)
Fransa Senatında qəbul edilmiş qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzası nəzərdə tutan qanun fransız xalqının fikrini əks etdirmir.
Əli Həsənov: Fransa Senatının qondarma "erməni soyqırımı" ilə bağlı qanunu fransız xalqının fikrini əks etdirmir

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir E.Mehdiyev/

Fransa Senatında qəbul edilmiş qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzası nəzərdə tutan qanun fransız xalqının fikrini əks etdirmir. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov fevralın 6-dan Azərbaycanda səfərdə olan Fransa senatorları ilə görüşündə bildirib.

Baş nazirin müavini hesab edir ki, həmin qərar erməni diasporunun vəsaiti hesabına satın alınmış bir qrup senatorun fikridir. Onun sözlərinə görə, Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri Natali Qulenin başçılıq etdiyi Fransa Senatının nümayəndə heyətinin Azərbaycana səfəri, məcburi köçkünlərlə görüşləri, Senatda qondarma "erməni soyqırımı" haqqında qanunun əleyhinə səs vermələri onu göstərir ki, Fransa Senatında qəbul edilmiş qərar fransız xalqının mövqeyi deyil.

"Vaxtilə Mixail Qorbaçov bu addımı atıb. Daha sonra ABŞ Konqresi erməni diasporunun təsiri altında bu addımı atıb. Sarkozi də erməni diasporunun təsiri altında bu addımı atır", - Həsənov qeyd edib.

O bildirib ki, Azərbaycan dövləti və Prezidenti balanslı siyasət yeridir. Azərbaycan Prezidentinin mövqeyi bütün ölkələrlə dostluq və mehribanlıq şəraitində əməkdaşlıq etməkdir.

"Sarkozinin bu addımı Türkiyəyə qarşı atılıb. Türkiyəyə qarşı atılıbsa, deməli, həm də Azərbaycana və bütün türk dünyasına, bir neçə müsəlman ölkəsini çıxmaq şərtilə, bütün müsəlman aləminə qarşı atılıb. Sarkozi bu addımı fransız xalqına qarşı da atıb. Çünki Fransa Avropa dəyərlərinin beşiyidir", - Baş nazirin müavini qeyd edib.

Senator Natali Qule isə bildirib ki, fransız senatorların Azərbaycana gəlişi Senatda məlum qanun qəbul edilməmişdən əvvəl planlaşdırılıb.

"Fransa həmişə məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının tərəfdarı olub. Bu, istər Minsk qrupunun tərkibində, istərsə də Fransanın özünün daimi mövqeyi olub. Qaçqın və məcburi köçkünlərin məruz qaldıqları faciə Azərbaycana belə mövqe tutmağa imkan verir. Azərbaycana gəlişimizin məqsədi bu ölkə ilə yaxından tanış olmaq və buradakı həqiqətləri ölkəmizə çatdırmaqdır", - senator əlavə edib.

Qeyd edək ki, Fransa senatının nümayəndələri bu gün səhər Sabunçu rayonu Ramana qəsəbəsində və Binəqədi rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkünlərlə görüşüblər.

Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, Senatda Mərkəzçi və Respublikaçı birlik siyasi qrupunun üzvü, senator xanım Natali Qulenin başçılıq etdiyi parlament nümayəndə heyəti Bakıda səfərdədir. Nümayəndə heyətinə senatorlar xanım Silvi Qo-Şavan, Jah-Mari Bokel, Erve More, Andre Rexar və Cani Lorju daxildir.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti