Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir M.Əliyev/
Trend Beynəlxalq İnformasiya üzrə Agentliyi ABŞ Dövlət Departamentinin İrandakı son vəziyyətlə bağlı martın 15-nə Google+ Hangout xidməti vasitəsilə (videoçat servisi) təşkil edəcəyi onlayn müsahibəyə dəvət olunub.
Müsahibə ABŞ Dövlət Departamentinin İran üzrə sözçüsü Alan Eyr tərəfindən keçiriləcək.
Dünyanın beş nüfuzlu mətbuatının tanınmış nümayəndələri, o cümlədən Azərbaycandan Trend-in Fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu müsahibədə iştirak etmək və sual vermək üçün dəvət olunublar.
Müsahibə Bakı vaxtı ilə saat 21:00-da (Vaşinqton vaxtı ilə 12:00) canlı yayımlanacaq. Canlı yayım ABŞ Dövlət Departamentinin rəsmi saytında 30 dəqiqə ərzində nümayiş olunacaq.
Müsahibədə, həmçinin, Trend-in oxucuları onları maraqlandıran sualları Dalğa Xatınoğlu vasitəsilə səsləndirə bilərlər. Sualları martın 15-i saat 20:00-a qədər redaksiyanın [email protected] email ünvanına göndərmək mümkündür.
Qeyd edək ki, 1995-ci ildə Azərbaycanda yaradılmış TREND informasiya agentliyi Qafqaz, Xəzəryanı və Mərkəzi Asiya regionlarından məlumat yayır. Agentliyin tərkibində beş - Azərbaycan, ingilis, rus, fars və ərəb xidmətləri fəaliyyət göstərir.