Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir E.Mehdiyev/
Vladimir Putinin Rusiya Prezidenti seçilməsi ermənilərdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı əlavə nigarançılıq yaradıb. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu cümə günü keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, Dmitri Medvedevin prezidentliyi dövründə ermənilərin Putin-Medvedev tandeminə orijinal yanaşmaları var idi.
"Guya Medvedev Dağlıq Qarabağ məsələsində azərbaycanpərəst mövqedədir və bununla da Putinin qurduqlarını dağıtmaqla məşğuldur. İndi ermənilər Putinin Medvedevə nisbətən daha qətiyyətli, sərt xarakterli olmasından qorxurlar", - Əhmədoğlu deyib.
Onun sözlərinə görə, Putinin hakimiyyətə gəlməsini Dağlıq Qarabağın ədalətli tənzimlənməsi prizmasından faydalı hesab etmək mümkün olsa da, tamam başqa məsələlər diqqəti çəkir.
"Putin prezident kürsüsünə oturmamış Kremlə yaxın siyasətçilər, hətta bəzən rəsmi şəxslər MDB-yə üzv dövlətlərə qarşı süni təzyiqlər işləyib hazırlamaqla məşğuldurlar. Eləcə də Rusiyanın MDB konsepsiyasının olmaması Rusiyanın MDB məkanındakı fəaliyyətinə ciddi maneçilik törədir. MDB Avrasiya Birliyinə və ya Avrasiya Komissiyasına zəmin yaradan qurum kimi tamam ayrı bir münasibət, ümumilikdə bir məkan kimi inkişaf etməsinə isə tamam fərqli münasibət tələb edir", - politoloq deyib.
O qeyd edib ki, Rusiya MDB-ni müstəqil məkan kimi inkişaf etdirəcəksə, bu, hədsiz faydalıdır.
"Gələcəkdə Rusiya MDB-nin təsir zonasını Avropada Balkanlara, Şərqdə isə, necə deyərlər, Tehranın "qulağının dibinədək" artıra bilər. Rusiyanın Abxaziya və Dnestryanı kimi separatçı rejimlərin MDB-yə üzv olmasına münasibəti də hədsiz əhəmiyyətlidir. MDB dövlətlərinin böyük əksəriyyəti Abxaziya və Dnestryanı bölgə ilə bir qurumda təmsil olunmaqdan boyun qaçıracaqlar", - Əhmədoğlu vurğulayıb.
O bildirib ki, Putin Rusiyası Avrasiya Komissiyasının yaranmasında uğur qazana bilər, amma bu uğur sonrakı illərdə Rusiya üçün daha böyük məğlubiyyətlərin bünövrəsinə çevrilə bilər.
"Bu baxımdan Putinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə münasibətini MDB-yə konseptual münasibətini açıqlamasından sonra aydınlaşdırmaq mümkündür", - Əhmədoğlu deyib.