...

Almazbek Atambayev: Tarix türkdilli dövlətlərin birliyini möhkəmləndirmək üçün daha bir şans verib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 30 Mart 2012 17:02 (UTC +04:00)
Qırğızıstan Prezidenti Almazbek Atambayev Milli Məclisdə çıxış edir.
Almazbek Atambayev: Tarix türkdilli dövlətlərin birliyini möhkəmləndirmək üçün daha bir şans verib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir M.Əliyev/

Qırğızıstan Prezidenti Almazbek Atambayev Milli Məclisdə çıxış edir.

Trend-in məlumatına görə, Qırğızıstan Prezidenti çıxışına Azərbaycan dilində başlayıb.

O bildirib ki, qırğızlar və azərbaycanlılar müstəqillik üçün çox keşməkeşli yol keçiblər.

"Bizim tariximiz və kökümüz birdir. Repressiya dövründə 10 minə yaxın azərbaycanlı Qırğızıstana köçürülüb. Soyuq və pis hava şəraitində vaqonlarda neçə azərbaycanlı ölüb", - Atambayev çıxışında bildirib.

Prezident o dövrün ortaq dərdlərindən də danışıb.

"Qırğızlarla azərbaycanlıların dövlətçilik yolu keşməkeşli olub. Ata-babalarımızın keçdikləri yol keşməkeşli olub. Biz ata-babalarımızın tövsiyələrinə əməl etməliyik. Bu, möhtəşəm "Manas" və "Dədə Qorqud"da da var. Heydər Əliyevin dediyi kimi, "Dədə Qorqud" dərin köklərə malikdir, bizim xalqlarımızın ortaq mədəniyyətidir", - Atambayev əlavə edib.

Atambayev çıxışında deyib ki, azərbaycanlılarla qırğızların dili bir, dini birdir.

"Tarix türkdilli dövlətlərin birliyini möhkəmləndirmək üçün daha bir şans verib. Lakin bunun üçün türkdilli respublikalar ayağa qalxaraq güclü dövlətlərə çevrilməlidir", - o deyib.

Prezident bildirib ki, Qırğızıstan 20 il əvvəl öz müstəqilliyini əldə etsə də, bu gün də bir çox iri dövlətlərdən asılıdır.

"Bizi tez-tez diz çökdürməyə çalışırlar, amma biz heç zaman onların köləsi olmayacağıq. Çünki kölə kimi diz üstdə yaşamaqdansa, ayaq üstdə mərd ölmək daha yaxşıdır. Qırğızıstan və Azərbaycanın müstəqillliyi uğrunda həlak olan ata-babalarımızın ruhu şad olsun. Yaşasın Azərbaycan və Qırğızıstan dostluğu!" - Atambayev çıxışında bildirib.

Xəbər lenti

Xəbər lenti