Azərbaycan, Bakı, 2 aprel /Trend/
Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov Avronest Parlament Assambleyasının həmsədrləri Kristian Vigenini və Boris Tarasyuku qəbul edib.
Trend Milli Məclisin saytına istinadən məlumat verir ki, spiker bildirib ki, Azərbaycan Avronest PA-nın Avropa İttifaqı sərhədlərindən ilk dəfə kənarda keçirilən sessiyasına ev sahibliyi etməkdən çox məmnundur. "Güman edirik ki, Bakı sessiyası bütün iştirakçılar üçün yadda qalan tarixi bir hadisə olacaq və növbəti plenar sessiyalar üçün xoş ənənələrin başlanğıcını qoyacaq. Ölkə ictimaiyyəti bu hadisəni Avropaya inteqrasiya prosesində irəliyə doğru atılmış çox ciddi bir addım kimi dəyərləndirir. Bu, artıq bir reallıqdır", - o deyib.
Əsədov qeyd edib ki, Azərbaycan və Avropa dünyəvilik, qanunun aliliyi və demokratiya kimi ümumu dəyərləri bölüşürlər. "Biz Avronest PA-nı Tərəfdaş dövlətlər üçün Qərbə açılan yeni pəncərə hesab edirik. Ümid edirik ki, təşkilat quruma üzv ölkələrin Avropaya inteqrasiyasına, tərəfdaşlığın inkişafına öz töhfəsini verəcək. Zənnimizcə, tərəflər qurum daxilində fəaliyyətlərini bərabərlik və xoşniyyət əsasında qurmalıdırlar", - spiker bildirib.
Milli Məclisin sədri bildirib ki, qurum çərçivəsində Azərbaycan deputatları Avropa Parlamentinin üzvləri ilə sıx əlaqələr qurmaq imkanı qazanıblar. Azərbaycan təşkilatdakı nümayəndə heyəti ilə Avropa Parlamentindəki siyasi qrupların əlaqələrinin dərinləşməsini vacib hesab edir.
Görüşdə sədr təəssüflə bildirib ki, təşkilatdakı tərəfdaş dövlətlərin altısından dördündə münaqişə ocaqları mövcuddur. Ən həssas regionlardan biri olan Cənubi Qafqazda Dağlıq Qarabağ probleminin həll olunmaması bölgənin, o cümlədən Avropanın təhlükəsizliyinə böyük təhlükədir. Bu cür münaqişələr Avropa İttifaqı ilə əməkdaşlığa mane olan mühüm faktdır. "Biz problemin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdarıq. Ümid edirik ki, Avronest PA öz imkanları daxilində problemin həllinə dəstək verəcəkdir", - o deyib.
Avronest PA-nın həmsədri Kristian Vigenin Bakı sessiyasının yüksək səviyyədə təşkilinə görə öz minnətdarlığını bildirib. Qeyd edildi ki, Avropa İttifaqı və Avropa Parlamenti Cənubi Qafqazın bu bölgəsi ilə əməkdaşlığın inkişafına böyük önəm verir. Bu baxımdan Şərq Tərəfdaşlığı proqramının parlament ölçüsü olan Avronest PA-nın növbəti sessiyasının Bakıda keçirilməsi siyasi əlaqələrin daha yüksək səviyyəyə qalxmasına kömək edəcək. Qonaq Azərbaycandakı inkişafı yüksək qiymətləndirərək qeyd edib ki, Avropa ölkəmizlə təkcə enerji sahəsində deyil, siyasi sahədə də əlaqələrin dərinləşməsində maraqlıdır. Təqdirəlayiq haldır ki, bu sahədə də müsbət nəticələr əldə edilməkdədir.
Kristian Vigenin Avronest PA-nın ikinci sessiyasında qurumun gələcək fəaliyyətinin istiqamətlərinin müəyyənləşməsi üçün müzakirələr aparılacağını, əməkdaşlığın daha da dərinləşməsi imkanlarının araşdırılacağını söyləyib. Bildirilib ki, təşkilat quruma üzv ölkələrdə münaqişələrin tezliklə aradan qaldırılmasında maraqlıdır. Cənubi Qafqazda inkişafa və Avropaya inteqrasiyaya mane olan Dağlıq Qarabağ probleminin tezliklə həlli üçün təşkilat öz səlahiyyətləri çərçivəsində dəstəyini əsirgəməyəcək.
Qəbulda qurumun həmsədri Boris Tarasyuk Avronest PA-nın Bakıda keçirilən sessiyası, qurum çərçivəsində əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Avronest PA-da nümayəndə heyətimizin başçısı Elxan Süleymanov və digər rəsmi şəxslər iştirak ediblər.