...

İlham Əliyev Praqa şəhərindəki Karl körpüsü ilə tanış olub (FOTO)

Siyasət Materials 6 Aprel 2012 03:43 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Çexiyaya dövlət səfəri çərçivəsində Praqa şəhərindəki qədim Karl körpüsü ilə tanış olmuşdur.
İlham Əliyev Praqa şəhərindəki Karl körpüsü ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Çexiyaya dövlət səfəri çərçivəsində Praqa şəhərindəki qədim Karl körpüsü ilə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, hazırda Çexiyanın paytaxtında turistləri ən çox cəlb edən tarixi abidələrdən biri də Praqa şəhərini iki hissəyə ayıran Vltava çayı üzərində salınmış Karl körpüsüdür. 1357-1400-cü illərdə Çexiya kralı və Müqəddəs Roma imperatoru IV Karlın əmri ilə memar Peter Parler tərəfindən inşa olunan körpünün uzunluğu 516, eni isə 10 metrdir. Paytaxtın qərbi ilə şərqini qovuşduran bu körpü 1841-ci ilə qədər Praqanın qəsrlərlə zəngin olan hissəsi ilə köhnə məhəllələrini Vltava çayı üzərindən birləşdirən yeganə vasitə olmuşdur.

Qeyd edildi ki, tarixən Karl körpüsü Şərqi və Qərbi Avropanın ticarət yollarının qovşağında yerləşdiyindən mühüm əhəmiyyət kəsb etmişdir. Hər iki tərəfində tikilmiş qüllələrdən körpünün təhlükəsizliyi təmin olunurdu. Körpünün Köhnə Şəhərə girişi təmin edən şərq tərəfindəki qüllə orta əsrlər Avropasının ən gözəl tikililərindən biri sayılır. Qüllənin üzərini imperator IV Karla tabe olan ərazilərin hakimlərinə məxsus gerblər bəzəyir. Qüllənin ikinci mərtəbəsində körpünün himayədarı müqəddəs Vita, IV Karl və IV Vatslavın heykəlləri qoyulmuşdur. Körpünün qərb hissəsində inşa olunan digər qüllə də öz gözəlliyi ilə diqqəti cəlb edir. Körpünün kənarlarında 1700-cü ildə barokko üslubunda irili-xırdalı 30-a qədər heykəl quraşdırılmışdır. Bu heykəllər körpünün cəlbediciliyini daha da artırır.

Azərbaycan Prezidentinə məlumat verildi ki, gündüzlər qələbəlik olan körpüdə küçə sənətkarları öz bacarıqlarını nümayiş etdirir, insanlarda xoş ovqat yaradırlar. Əsrlərin sınağına sinə gərən bu qədim möhtəşəm qurğu onunla tanış olanlarda zəngin təəssürat doğurur.

Xəbər lenti

Xəbər lenti