...

İlham Əliyev Tovuz rayonu ərazisində Göytəpə neolit dövrü arxeoloji abidəsi ilə tanış olub (FOTO)

Siyasət Materials 12 Aprel 2012 18:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Tovuz rayonu ərazisində Göytəpə neolit dövrü arxeoloji abidəsi ilə tanış olub.
İlham Əliyev Tovuz rayonu ərazisində Göytəpə neolit dövrü arxeoloji abidəsi ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Tovuz rayonu ərazisində Göytəpə neolit dövrü arxeoloji abidəsi ilə tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, qədim Göytəpə arxeoloji abidəsi Azərbaycan ərazisində, eyni zamanda, Cənubi Qafqazda neolit dövrünün erkən mərhələsinə aid yaşayış məskənlərinin ən böyüyüdür. Bu yaşayış məskəni 2 hektardan çox ərazini əhatə edir.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası 2006-cı ildə Fransa mütəxəssisləri ilə birlikdə Göytəpə qədim yaşayış məskənində kəşfiyyat müşahidələri apararaq, təpənin toroplanını çəkib, yerüstü materiallar toplayıblar. Abidənin dəqiq tarixinin təyin edilməsi üçün üst qatdan götürülən kömür qalıqlarının üzərində Fransanın Milli Araşdırmalar Mərkəzində radio-karbon analizi aparılıb. Analizin nəticəsinə əsasən, Göytəpə yaşayış məskəninin bizim eradan əvvəl VI minilliyə aid olduğu müəyyən edilib. Bu da onu deməyə əsas verir ki, Tovuzun 8 min illik şəhər mədəniyyəti tarixi var.

Prezident İlham Əliyev Göytəpə neolit dövrü arxeoloji abidəsinin ərazisini gəzdi.

Məlumat verildi ki, abidənin qədimliyi dünyanın bir çox nüfuzlu elm adamlarının və mütəxəssislərin ciddi marağına səbəb olub. 2008-ci ildən başlayaraq hər il Fransa Milli Araşdırmalar Mərkəzinin, Tokio Universitetinin əməkdaşlarının iştirakı ilə stasionar arxeoloji qazıntılar aparılıb. Göytəpə yaşayış yeri Azərbaycanda və Qafqazın cənubunda neolit dövründə baş verən inkişaf prosesinin əsas xüsusiyyətlərinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Burada aparılan arxeoloji qazıntı işləri neolit dövrünə aid tikinti mədəniyyətini, Kür çayının orta axarı boyunca erkən neolit həyat tərzinin öyrənilməsinə imkan yaradıb.

Sonra dövlətimizin başçısı yaşayış məskənində aşkar edilən daş və sümük alətlərə baxdı. Bildirildi ki, aşkar olunan maddi-mədəniyyət nümunələrinin elmi təhlili Tovuz ərazisinin Qafqazın ən qədim yaşayış məskəni olduğunu sübut edir. Dünya arxeologiyasında Göytəpə yaşayış məskəni tipli neolit dövrünə aid arxeoloji abidələr ilkin sivilizasiyanın başlanğıc nöqtəsi, proto-şəhər, yəni insanların yığcam yaşayış tərzinin bərqərar olduğu ilkin şəhər mədəniyyətinin formalaşması dövrü kimi dəyərləndirilir.

Daha sonra Prezident İlham Əliyev Göytəpə qədim yaşayış məskənində bu günə qədər görülən işlər və əldə olunan nəticələri, eləcə də aşkar olunmuş tikililərin bərpası, abidənin açıq səma altında arxeoparka çevrilməsi istiqamətində təklifləri əks etdirən stendlərə baxdı. Qeyd olundu ki, 2008-2011-ci illərdə Göytəpədə aparılan qazıntılar qədim yaşayış yerinin neolit dövrünə aid olan mükəmməl memarlığını üzə çıxarıb. Tədqiqatçıların fikirlərincə, Göytəpədə aşkar olunan tikililərin möhkəmliyinə Azərbaycanın heç bir neolit dövrü abidələrində rast gəlinməyib. Dəyərli maddi-mədəniyyət nümunələri ilə zəngin olan abidənin 2009-cu ildə Tokio Universitetində, 2010-cu ildə Londonda fəaliyyət göstərən "Britaniya Muzeyi"ndə, həmin ildə Parisdə "Kollec-de-Frans" təhsil müəssisəsində, 2011-ci ildə Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunda və Gürcüstanın Milli Tarix Muzeyində təqdimatı olub. Ötən ilin avqustunda Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Özbəkistan və Qırğızıstan nümayəndələrinin iştirakı ilə Azərbaycanda ilk dəfə olaraq "Cənubi Qafqazın qədim mədəniyyətləri" mövzusunda beynəlxalq layihə çərçivəsində MDB-nin gənc mütəxəssislərindən ibarət "Gənc arxeoloqların yay məktəbi" tədbiri Göytəpə yaşayış məskəni ərazisində keçirilib.

Məlumat verildi ki, abidə rayonun turizm marşrutuna daxil edilib. Ölkəmizdə "2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, cari ildə abidənin ətrafının abadlaşdırılması, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun qrant-layihəsinə uyğun olaraq əsaslı şəkildə elmi tədqiqat işlərinin davam etdirilməsi və ərazidə açıq səma altında muzeyin - arxeoparkın yaradılması nəzərdə tutulub.

Yaşayış məskəni ilə tanışlıqdan sonra dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti