...

Ermənistandakı növbəti parlament seçkilərindən gözləntilər

Siyasət Materials 18 Aprel 2012 15:02 (UTC +04:00)
Ermənistandakı növbəti parlament seçkiləri Ermənistanın tarixində ən əhəmiyyətli, ən təsirli seçkilərdir.
Ermənistandakı növbəti parlament seçkilərindən gözləntilər

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir E.Mehdiyev/

Ermənistandakı növbəti parlament seçkiləri Ermənistanın tarixində ən əhəmiyyətli, ən təsirli seçkilərdir. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə günü keçirdiyi "Qarabağ saatı"nda bildirib.

Onun sözlərinə görə, müstəqil Ermənistanın tarixində Ermənistanın dövlətçiliyinə, gələcək inkişaf strategiyasına təsirə malik ikinci seçki olmayıb.

"Ermənistanda seçkilər dövründə Rusiya yenidən dövlət səlahiyyətlilərindən ibarət "desant qrupu" göndərdi, qarşıdakı iki il ərzində Ermənistana satılacaq qazın qiymətini müəyyənləşdirmək üçün "Armrosqazprom"un rəhbərini Moskvaya çağırdı. Yerevana gələn "desant qrupu" hərbi xarakterli əməkdaşlıq təklif etdiyi üçün ermənilər bunu müsbət qarşıladılar", - Əhmədoğlu deyib.

O vurğulayıb ki, hərbi təyinatlı birgə müəssisələrin yaradılması Ermənistanın marağındadır, amma qazın artan qiyməti əvəzində Ermənistan Rusiyaya heç bir məsələdə güzəştə getmək istəmir. Ermənistanla Rusiya arasında bu parlament seçkiləri dövründə razılaşmanın əldə olunmadığına dolayısı yolla dəlalət edən iki əlaməti göstərmək olar.

"Birincisi, Ermənistan hökuməti "Qazprom"la aparılan uğursuz danışıqların nəticəsi olaraq, İranla neft məhsulları kəmərinin reallaşdırılması istiqamətində qərar qəbul etdi. Buna rəsmi Yerevanın Moskvada aparılan qaz danışıqlarından narazı qaldığının əlaməti kimi yanaşmaq olar", - politoloq deyib.

Əhmədoğlu bildirib ki, ikinci əlamət Rusiya Prezidenti Dmitri Medvedevin Ermənistanın baş prokuroru Aqvan Ovsepyanı Rusiya Federasiyası ordeni ilə mükafatlandırmasıdır.

"Mükafatlandırmanın baş prokurorun ad günü, yaşının yuvarlaqlığı ilə vəzifəyə təyin olunmasının müəyyən yuvarlaq ildönümü ilə əlaqəsi yoxdur. Ona görə də bu təltifə seçkiqabağı dövrdə Ermənistan Prezidentinin rusiyapərəst qüvvələrə qarşı cinayət işi açmasına maneçilik törədən addım kimi baxmaq daha düzgündür", - politoloq qeyd edib.

Onun sözlərinə görə, Medvedev Ermənistanın baş prokurorunu ona görə mükafatlandırdı ki, seçki dövründə Ermənistan Prezidenti Serj Sarkisyan "Çiçəklənən Ermənistan" partiyasının üzvlərini həbs etdirə bilməsin, bu partiyanın seçki kampaniyasına hüquqi əngəllərin qarşısını alsın.

"Ermənistanda anadan olmasına, ermənilər içində məşhur olan "Aparan yerliçilik cəmiyyəti"nin rəhbəri olmasına baxmayaraq, Ovsepyanın mənşəcə qarabağlı olduğunu bildirirlər. Bu kontekstdən Sarkisyanı rədd edən Rusiya rəhbərliyi ona göstərdikləri pis münasibətin bütün qarabağlılara aid olmadığını nümayiş etdirmək istəyir", - Əhmədoğlu deyib.

Xəbər lenti

Xəbər lenti