...

Prezident İlham Əliyev: Özbəkistan Azərbaycan üçün dost və qardaş dövlətdir (FOTO)

Siyasət Materials 12 Oktyabr 2012 18:24 (UTC +04:00)
Bu gün Sizinlə qarşılıqlı maraq doğuran, regional əhəmiyyətli məsələlərin geniş dairəsi barədə fikir mübadiləsi apardıq. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, müzakirə edilən bütün məsələlər barəsində baxışlarımız üst-üstə düşür. Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də Bakıda Özbəkistan Prezidenti İslam Kərimovla keçirdiyi geniş tərkibdə görüşdə çıxışı zamanı deyib.
Prezident İlham Əliyev: Özbəkistan Azərbaycan üçün dost və qardaş dövlətdir (FOTO)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Bu gün Sizinlə qarşılıqlı maraq doğuran, regional əhəmiyyətli məsələlərin geniş dairəsi barədə fikir mübadiləsi apardıq. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, müzakirə edilən bütün məsələlər barəsində baxışlarımız üst-üstə düşür. Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də Bakıda Özbəkistan Prezidenti İslam Kərimovla keçirdiyi geniş tərkibdə görüşdə çıxışı zamanı deyib.

Prezident İlham Əliyev Özbəkistan Prezidentinin rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə genişlənməsinə yeni imkanlar açılması baxımından yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edərək deyib:

"Bizim qarşılıqlı fəaliyyətimiz daha sıx, əməkdaşlığımız daha fəal olacaqdır. Özbəkistan bizim üçün dost və qardaş dövlətdir. Münasibətlərimizin dostluq, bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı dəstək əsasında daha da möhkəmlənməsi bizi çox sevindirir. Bu dəstək beynəlxalq strukturlarda ölkələrimizlə bağlı bütün məsələlər barəsində bir-birimizi dəstəkləyəndə də hiss olunur. Təbii ki, beynəlxalq qurumların fəal qarşılıqlı təsiri bizim milli maraqlarımızı daha tam qorumağa, habelə dünya siyasətinin bir sıra məsələlərinə dair həmrəy mövqedən çıxış etməyə imkan verir.

Həm BMT-də, həm İslam Əməkdaşlıq Təşkilatında, başqa strukturlarda Azərbaycanı dəstəklədiyinə görə biz Özbəkistana çox təşəkkür edirik. Biz də öz tərəfimizdən Sizin irəli sürdüyünüz bütün məsələlərdə və təşəbbüslərdə Sizi həmişə dəstəkləyirik".

Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın mövcud potensialından səmərəli istifadə etməyin vacibliyini də vurğulayaraq bildirib:

"Bu gün biz qarşılıqlı iqtisadi fəaliyyət məsələlərini ətraflı müzakirə edəcəyik. Mənim fikrimcə, bu sahədə görüləsi işlər hələ çoxdur. Düzdür, biz irəliləyirik, lakin güman edirəm ki, qarşılıqlı əmtəə dövriyyəsi qat-qat çox ola bilər. Əlbəttə, Hökumətlərarası Komissiyanın bu yaxınlarda keçirilmiş iclası, zənnimcə, bu sahədə prioritetləri və münasibətlərin gələcək inkişaf yollarını müəyyən etmişdir. Yəqin ki, gələcəkdə gözlənilən konkret layihələr və təşəbbüslər barədə bu gün bizə məruzə edəcəklər".

Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Azərbaycana yenidən gəlişindən və Prezident İlham Əliyevlə görüşündən məmnunluq duyduğunu bildirərək deyib:

"Ümumiyyətlə təkcə bizim regionda deyil, onun hüdudlarından uzaqda da geosiyasət o qədər tez-tez dəyişir ki, bizim görüşməyimiz zərurətə çevrilir. Özü də bunun üçün hər hansı böyük sənədlər imzalanması vacib deyildir, sadəcə bizim cavab tapmalı olduğumuz mürəkkəb məsələlər barədə fikir mübadiləsi aparmalıyıq".

Prezident İslam Kərimov bildirdi ki, Özbəkistan Azərbaycanı özünün strateji tərəfdaşı hesab edir və xalqlarımız arasında oxşar cəhətlərin çoxluğu ölkələrimizi daha da yaxınlaşdıran amillərdir.

"Azərbaycan Özbəkistan üçün strateji tərəfdaşdır. Azərbaycan bizə həmişə, ilk növbədə ümumi mənafelərimiz naminə yaxın olmuşdur. Təkcə bugünkü maraqlar baxımından deyil, həm də tarixi keçmişimizlə bağlı, xalqlarımızın dil, mənəviyyat, mentalitet baxımından yaxınlığı ilə əlaqədar mürəkkəb məsələlərin həlli üçün bu tərəfdaşlıq vacibdir. Bizim üçün çox vacibdir ki, aramızda heç vaxt ziddiyyət, anlaşılmazlıq olmamışdır.

Artıq uzun illərdir ki, mən Özbəkistana rəhbərlik edirəm. Yadıma gəlmir ki, biz hər hansı problemi onun həlli baxımından müzakirə edərkən anlaşılmazlıq və ya ciddi ziddiyyət yaransın. Məgər bu, bizim münasibətlərimizin həmişə qarşılıqlı anlaşma və qarşılıqlı dəstək əsasında qurulmasına dəlalət etmirmi?! Ümid edirəm ki, bundan sonra da belə olacaqdır", - İslam Kərimov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti