...

Ermənistan xüsusi xidmət orqanlarının casusluqda ittiham etdiyi Özbəkistan vətəndaşı onların yalanını ifşa edib (FOTO)

Siyasət Materials 7 Noyabr 2012 15:39 (UTC +04:00)
Ermənistan xüsusi xidmət orqanlarının casusluqda ittiham etdiyi Özbəkistan vətəndaşı Zamirjon Otajonov Ermənistanda ona böhtan atılmasına və hüququnun pozulmasına görə beynəlxalq məhkəmədə iddia qaldırmaq niyyətindədir.
Ermənistan xüsusi xidmət orqanlarının casusluqda ittiham etdiyi Özbəkistan vətəndaşı onların yalanını ifşa edib (FOTO)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Ermənistan xüsusi xidmət orqanlarının casusluqda ittiham etdiyi Özbəkistan vətəndaşı Zamirjon Otajonov Ermənistanda ona böhtan atılmasına və hüququnun pozulmasına görə beynəlxalq məhkəmədə iddia qaldırmaq niyyətindədir.

"Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin guya Azərbaycan xüsusi xidmət orqanlarının mənim vasitəmlə həyata keçirməli olduğu təxribatları aşkar etməsi və qarşısını almaqla bağlı yaydığı məlumat yalandır və ümumiyyətlə, həqiqətəuyğun deyil", - çərşənbə günü tacikistan əsilli Özbəkistan vətəndaşı Zamirjon Otajonov Bakıda Trend-də keçirilən mətbuat konfransında deyib.

Ermənistanın milli təhlükəsizlik orqanları daha əvvəl guya Azərbaycan xüsusi xidmət orqanları tərəfindən təxribatlara cəhdlərin aşkar edildiyi və qarşısının alındığı barədə məlumat yaymışdılar. Məlumata əsasən, sentyabrın 24-də Özbəkistan vətəndaşı Zamirjon Otajonov (1979-cu il təvəllüdlü) Ermənistan hüquq mühafizə orqanlarına müraciət edib və bildirib ki, 20 min dollara Bakıda terror aktları törətməyə hazırdır. O deyib ki, 2012-ci ildə Bakıda tikinti şirkətlərinin birində işləyib, şirkət rəhbərliyi sonra onun gördüyü işə görə pul ödəməkdən imtina edib və həmin vaxtdan azərbaycanlılara nifrət edir. Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin məlumatında həmçinin deyilir ki, operativ-istintaq tədbirləri nəticəsində məlum olub ki, Otajonov Azərbaycanın xüsusi xidmət orqanlarının göstərişi ilə Ermənistanın hüquq-mühafizə orqanlarına müraciət edib və onun təklifi təxribatdır.

Otajonov KİV-də özü barəsində yalan məlumat yayıldıqdan sonra Rusiyadan Azərbaycana gəlib və Ermənistan Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən ona qarşı səhv qənaət və əsaslanmamış ittihamları təkzib etmək niyyətində olduğunu bəyan edərək ölkənin hüquq-mühafizə orqanlarına müraciət edib.

Otajonovun sözlərinə görə, oktyabrın 24-də müalicə almaq üçün Gürcüstanda olub. Oradan isə Rusiyaya uçmalı olub. Lakin biletin olmaması səbəbindən Tbilisidə ona Yerevan üzərindən uçuş təklif ediblər, bilet ucuz olduğundan Otajonov buna razılıq verib. O, Yerevana gəldikdən dərhal sonra Ermənistanın xüsusi xidmət orqanları onu saxlayaraq MTN-in binasına aparıblar. Orada Otajonovdan pasportunda Azərbaycana səfərləri ilə bağlı qeydlərin olması barədə izahat verməyi tələb ediblər. Otajonov bunu onunla izah edib ki, onun həyat yoldaşı Azərbaycan vətəndaşıdır və tez-tez bu ölkədə pul qazanır.

Otajonovun dediklərinə görə, bir neçə gün ərzində Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları ondan Azərbaycanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini və Yerevana onların tapşırığı ilə gəldiyini etiraf etməyi tələb edərək işgəncə verib, ac saxlayıb və döyüblər.

Əks təqdirdə, onu həbs edəcəkləri ilə hədələyiblər və Ermənistanda ona heç kəsin kömək edə bilməyəciyini deyiblər.

"Üçüncü gün yanıma adamlar gəldi, pasportumu, əşyalarımı qaytardılar və erməni dilində yazılan hər hansı sənədi imzalamağı tələb etdilər. İmtina etdikdə isə məni döyməyə başladılar və imzalamağa məcbur etdilər", - Otajonov qeyd edib.

Məhz bundan sonra Otajonovu azad ediblər və avtomobillə Gürcüstan sərhədinədək aparıblar. Bu zaman onun saxlanılana qədər üzərində olduğu 450 dolları götürüblər. Otajonovun dediyinə görə, birtəhər Tbilisiyə çatıb, Ufaya bilet almaq üçün tanışlardan borc alıb.

Otajonov ünvanına səslənilən ittihamlar barədə sosial şəbəkələrin birində öyrənib, Bakıya gəlmək və bütün həqiqəti danışmaq qərarına gəlib.

"Mən heç vaxt Azərbaycanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməmişəm. Azərbaycan mənim ikinci vətənimdir, həyat yoldaşım bu ölkənin vətəndaşıdır və Ermənistan xüsusi xidmət orqanlarının bütün ittihamları yalan və böhtandan başqa bir şey deyil", - Otajonov vurğulayıb.

Onun sözlərinə görə, indiyədək Ermənistanda saxlanmasının səbəblərini başa düşmür: "Ermənistan xüsusi xidmət orqanlarının iddia etdiyi kimi həqiqətən də günahkar idimsə, niyə məni mühakimə etməkdənsə azad etdilər?"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti