Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir M.Əliyev/
Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcək. Trend-in məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı hakim partiyanın rəsmi saytına verdiyi müsahibədə deyib.
"Danışıqların nəticəsi olaraq verilən açıqlamalardan görünür ki, bölgədəki proseslərə yanaşmada Türkiyə və Rusiya arasında hələ də uzlaşmayan məqamlar var. Xüsusilə, Suriyanın gələcəyi ilə bağlı fikir birliyi yoxdur, amma görünən odur ki, Fələstin məsələsində fikir birliyi var. Eyni zamanda, Qafqazdakı vəziyyət, xüsusilə, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ problemi bu ölkələrin müzakirə etdiyi daimi mövzulardan biridir", - Qurbanlı deyib.
Onun sözlərinə görə, bütün bunlar Putinin Türkiyəyə səfərinin əhəmiyyətli olduğunu göstərir.
Qurbanlı deyib ki, Türkiyə bölgədəki proseslərə ciddi təsir etmək imkanına malikdir. Onun fikrincə, həmçinin, Türkiyə hökumətinin başçısı Rəcəb Tayyib Ərdoğan da dünya liderləri içərisində böyük nüfuz sahibidir.