...

Azərbaycanda orduda tək övladlar üçün xüsusi qayğı sisteminin yaradılması təklif edilir

Siyasət Materials 15 Yanvar 2013 13:45 (UTC +04:00)
Azərbaycanda ordu sıralarında ailənin tək övladları üçün xüsusi qayğı sistemi yaratmaq olar.
Azərbaycanda orduda tək övladlar üçün xüsusi qayğı sisteminin yaradılması təklif edilir

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycanda ordu sıralarında ailənin tək övladları üçün xüsusi qayğı sistemi yaratmaq olar. Bunu Trend-ə açıqlamasında bu günlərdə ictimai müzakirələrdə ailənin tək oğlunun orduya çağırılmaması ilə bağlı səslənən fikirlərə münasibət bildirirəkən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

"Dünyada bununla bağlı kifayət qədər praktika var və hesab edirəm ki, bu, mümkündür. Amma cəmiyyətdə belə bir təəssürat yaranmasın ki, biz ancaq tək övlada qayğı yaratmalıyıq. Bu gün hər bir əsgər onun ailədə tək və ya bir neçə qardaşının olmasından asılı olmayaraq, Azərbaycan dövlətinin diqqətindədir, onun sağlamlığı və təhlükəsizliyi qorunur", - Mirzəzadə bildirib.

Millət vəkilinin sözlərinə görə, ilk növbədə bununla bağlı rəsmi demoqrafik statistika nəzərdən keçirilməlidir. "Bu gün bilməliyik ki, çağırışçıların sırasında ailənin tək oğlu və ya tək övladı olan neçə nəfər var. Əgər onların sayı kifayət qədər çoxluq təşkil edərsə, bu bəndi qəbul etmək qeyri-mümkün olacaq. Çünki bu, ordunun döyüş qabiliyyəti, əsgər sayının ciddi şəkildə azalmasına və Azərbaycanın müdafiə qabiliyyətinin zəifləməsinə gətirib çıxara bilər", - o, bildirib.

Mirzəzadə hesab edir ki, orduya çağırış sistemi ilə bağlı Azərbaycanda qanunvericilik kifayət qədər mükəmməldir. Ona görə də onu dəyişmək, təkmilləşdirmək yox, sadəcə mövcud qanunvericlik barədə cəmiyyətə daha çox informasiya vermək lazımdır.

"Bu gün çağırış sistemini dəyişməyə heç bir ehtiyac yoxdur. 18 yaşına çatmış və sağlamlığı imkan verən şəxs hərbi xidmət keçməlidir və 35 yaşına qədər xidmətə çağırıla bilər. Azərbaycanda çağırış sistemi bugünkü tələblərə cavab verir. Orduda nizam-intizam möhkəmdir və bu intizamın nəticəsidir ki, biz işğalçı ordu qarşısında durmuşuq və onun bütün hərkətlərinə adekvat cavab verilir. Həmçinin ordu ilə bağlı bütün informasiya ictimai nəzarətdədir", - millət vəkili deyib.

Komitə sədrinin müavini onu da qeyd edib ki, Azərbaycanda hərbi çağırış və tibbi-komissiya sistemi elə qurulub ki, sağlamlığında problemi olan çağırışçının ordu sıralarına göndərilməsi mümkün olmasın. Çağırışçı gənclərin hər birinin sağlamlığı tam imkan verdikdən sonra onlar ordu sıralarına çağırılır.

"Ara-sıra hərbi xidmət keçərkən gənc əsgərin xəstəlikdən vəfat etməsi ilə bağlı xəbərlər yayılır. Bu, daha çox istisnadır, nəninki qanunauyğunluq. Hər bir hadisə üzrə hərbi prokurorluq tərəfindən çox ciddi araşdırma aparılır. Bu zaman hərbi tibbi komissiyanın səhlənkarlığı məsələsi üzə çıxırsa, buna məsul olan şəxslər çox ciddi cəzalandırılırlar", - Mirzəzadə vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti