...

Hürrü Əliyev: Əli Kərimli 1995-ci ildən etibarən Xalq Cəbhəsini dağıtmaq, parçalamaq öhdəçiliyi götürmüşdü

Siyasət Materials 18 Fevral 2013 20:49 (UTC +04:00)
“Milli İdeya Naminə” Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyev kütləvi informasiya vasitələri və ictimaiyyətə müraciət edib.
Hürrü Əliyev: Əli Kərimli 1995-ci ildən etibarən Xalq Cəbhəsini dağıtmaq,  parçalamaq öhdəçiliyi götürmüşdü

Azərbaycan, Bakı, 18 fevral /Trend/

"Milli İdeya Naminə" Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyev kütləvi informasiya vasitələri və ictimaiyyətə müraciət edib.

"İlk öncə onu qeyd etmək istəyirəm ki, bu günə qədər də, bu gün də və gələcəkdə də bizlərin əsas ana məqsədimiz torpaqlarımızın azadlığı və bütövlüyüdür. Bu yöndə ilk çalışmalarımız xalqımızın Milli birliyinə nail olmaqdır, çünki cəmiyyətdə milli barışıq və bütöv xalq iradəsi olmadan bu məqsədə nail olmaq mümkünsüzdür. Zaman-zaman bu yöndə müəyyən addımlar atılsada təssüflər olsun ki, bəzi şəxslərin, düşərgələrin müəyyən maraqlarına və ambisiyalarına görə əngəllərlə qarşılaşmışıq. Son onillik zaman kəsiyində heç bir siyasi təşkilat və ya qurum "Qarabağ" şüarı altında torpaqlarımızın azadlığı və bütüövlüyü uğrunda hər hansı bir təşəbbüs göstərməmişdir. Çox təssüflər olsun ki, müxalifətin mübarizə predmetində yalnız seçki və seçilmək arzu və məqsədi yer almışdır. Bu gün meydanlarda da, tədbirlərdə də, tribunalarda da "ya Qarabağ ya ölüm" şüarı əvəzinə yalnız hakimiyyət və şəxsi mənfəət uğrunda mübarizə və oyunlar gedir. Bu gün insanları, xüsusilə də gəncləri meydanlara və tədbirlərə yalnız bir şüar üçün səsləmək vacibdir, o da torpaqlarımızın azadlığı, bütövlüyü və xalqımızın birliyinə səsləyən şüarlar olmalıdır", - Trend-in məlumatına görə, müraciətdə deyilir.

Əbülfəz Elçibəyin sağlığında, Azərbaycan Xalq Cəbhəsi, o cümlədən bütövlükdə müxalifət düşərgəsinin hansı səviyyədə olduğuna hər biriniz şahidlik etmisiniz. Çünki o, dönəmdə insanlar bir amal, bir ideologiya və istək ətrafında toplaşmışdılar ki, o da yalnız torpaqlarımızın azadlığı və bütövlüyü, xalqımızın gözəl gələcəyi amalı idi. Aparılan mübarizə də, keçirilən tədbirlər və aksiyalar da yalnız bu yöndə və istiqamətdə idi. Təkcə Azərbaycan Xalq Cəbhəsini göstərmək olar ki, monolit gücə, xalqın əksər hissəsini əhatə edən nüfuza və gücə sahib bir təşkilat olduğu halda indi xalq arasında, cəmiyyətdə, eləcədə beynəlxalq aləmdə nüfuzunu itirmiş cılız bir təşkilata çevrilmişdir. Çünki indiki partiya rəhbərliyinin tutduğu siyasi kurs tamamilə milli ideologiyadan, vətən, torpaq, xalq düşüncəsindən kənar, birlik əvəzinə parçalanma mövqeyində durur. Bu reallıqları bizlərlə yanaşı sizlərdə görürsünüz və anlayırsınız. Bilirsiniz ki, cəmiyyətdə bu məsələyə münasibət birmənalı deyil. Məni düşündürən və məndə təccüb və təssüf hissi doğuran odur ki, Xalq Cəbhəsində olmuş və hal hazırda orada olan partiyadaşlar, xüsusilədə vətənpərvər gənclər təşkilatın bu duruma salınmasının səbəbini və hesabını Əli Kərimlidən sormurlar. Partiyanın hansı gücdən, hansı səviyyədən gətirib bu cür cılız bir təşkilat durumuna salmasını ondan soruşan yoxdur. Partiyanın gücünü, imicini öz çirkin oyunları ilə puç etməsinə hər kəs göz yumur, mən bunun səbəbini anlamıram.

Xatırlatmaq istəyirəm ki, Azərbaycan Xalq Cəbhəsinin yaranmasında, möhkəmlənməsində və ümumixalq hərakatına çevrilməsində Əbülfəz Elçibəyin rolunun nədən ibarət olmasını bütün xalq bilir. Eyni zamanda hamıya bəllidir ki, AXC-nin Azərbaycanın müstəqilliyinin əldə olunmasında hansı tarixi rolu olubdur.

Bir neçə məsələni də diqqətinizə çatdırmaq istəyirəm, Əli Kərimli Kələkidən Bakı şəhərinə dönəndən sonra 1995-ci ildən etibarən Xalq Cəbhəsini dağıtmaq, parçalamaq öhdəçiliyi götürmüşdü. Xalq Cəbhəsinin daxilində həmin dönəmdə guya "islahatçılar" qanadı adı altında, yəni "Yurd"çular Xalq Cəbhəsində təmsil olunan əsl vətənpərvər, hərəkatçı və mübariz cəbhədaşlarına qarşı qarayaxmalar ataraq bölücülük işləri aparırdı. Partiya daxilində və cəmiyyətdə həmin insanları "qaragüruhçu" adlandıraraq ikitirəlik parçalanma toxumunu səpərək əsl amacına çatmaq üçün bir sıra iyrənc metodlardan istifadə edirdi. Əli Kərimli o dönəmdə də, indi də, təşkilata edilən hər hansı maddi dəstəkləri partiyanın inkişafına deyil, yalnız öz maraq və məqsədləri üçün istifadə etməkdədir.

Bir haşiyəyə də çıxmaq istəyirəm. Bu gün Xalq Cəbhəsinin üzvləri, xüsusilə də gənclər meydanlarda nəyin, kimin, hansı məqsədin uğrunda mübarizə apardıqlarını, döyülüb, həbs olunduqlarının fərqində belə deyillər. Mən onların əməyinə, əzablarına, mübarizələrinin puça getməsinə üzülürəm, çünki mən onları tam məsuliyyətlə əmin edirəm ki, onlar Əli Kərimlinin oyunlarının, alverlərinin istifadə obyektləridirlər, onun apardığı siyasi oyunların sadəcə qurbanlarıdır. Mən birmənalı bildirirəm ki, onlar heç də düşünməsinlər ki, Xalq Cəbhəsi Partiyasının, milli ideologiyanın, demokratiyanın, Əbülfəz Elçibəy amalı və yolunun, torpaq, Xalq, vətən millət uğrunda deyil, Əli Kərimovun oyunlarının siyasi sığortasının, yəni statusunun mənfəəti uğrunda savaşırlar. Demokratik seçki uğrunda deyil, əslində Ə.Kərimovun beynəlxalq aləmdə, istərsədə daxildən götürdüyü öhdəçiliklərə xidmət etmək və bu yöndə ona daha da geniş şərait yaratmaqdan ibarətdir. Buna tam əmin olun ki, bu həqiqətən belədir.

Məgər sizlərin xatirində deyilmi ki, Ə. Kərimli hansı çirkin oyunlarla, alverlərlə, hansı xəyanətlərlə, Xalq Cəbhəsini parçalayıb işğal etdi?

İllər boyu min məşəqqətlə əzablarla qurulub yaradılan bu nəhəng təşkilatı Əbülfəz Elçibəyin dünyasını dəyişdikdən sonra ən fəal, nüfuzlu, vətənpərvər insanların dəstəyi ilə, sıradan çıxararaq təşkilatı parçalayaraq işğal etmədimi? Ən nəhayət İsa Qənbəri 2003-cü ildə meydanda tək buraxmadımı? Bunların hamısı sizlərin şahidliyi, gözü önündə yaşanmayıbmı?

Əzizlərim o, elə bir şəxsdir ki, nəinki Əbülfəz Elçibəyə, nəinki Xalq Cəbhəsinə, nəinki İsa Qənbərə yanında olan, yol getdiyi hər bir kəsə hər an xəyanət etməyi bacaran və artıq onu bir adət halına salanın biridir.

Mən buradan Xalq Cəbhəsi Partiyasının üzvlərinə bir sual ünvanlayıram, Əli Kərimli bu 10 il ərzində Qarabağ və torpaqlarımızın azadlığı şüarı altında meydanlara və ya hər hansı bir aksiyaya səsləyibmi?

Mən bir məsələyə də toxunmaq və nəzərinizə çatdırmaq istəyirəm. Hörmətli tədbir iştirakçıları Sizlərə tam əminliklə və məsuliyyətlə bildirmək istəyirəm ki, 1995-ci ildən etibarən istər daxildən, istərsədə xarici dövlət və təşkilatlardan faydalanaraq Əbülfəz Elçibəy başda olmaqla bütövlükdə Xalq Cəbhəsinə o, cümlədən müxalifət düşərgəsinə xəyanət edib və etməkdədir. Mənim bunda heç bir şübhəm yoxdur. Çünki bu məsələ ilə bağlı mən də kifayət qədər istər rəsmi, istərsədə tam reallığa söykənən şifahi məlumatlar və faktlar var.

Hələ o, dönəmdə şəxsən özümün şahidi olduğum bir durumu misal göstərə bilərəm ki, Əbülfəz Elçibəy Kələkidə olarkən hər hansı bir şəxsi ehtiyaclarına istifadə etməsindən ötrü Türkiyədən göndərilmiş 100 000 ABŞ dollarını əmim bütövlükdə Əli Kərimliyə verərək partiyanın inkişafına, partiya üzvlərinin müəyyən ehtiyaclarının qarşılanmasına sərf etməsini tapşırmışdı. Amma Əli Kərimli həmin pulu, yəni 100 000 ABŞ dollarını partiyanın inkişafına, partiya üzvlərinin ehtiyaclarına deyil Rusiyada biznes fəaliyyəti ilə məşğul olan yaxınlarının istifadəsinə vermişdir. Xatırlatmaq istərdim ki, həmin dövrdə 100 000 ABŞ dollarının dəyəri, hazırki dövrdə olan dəyərindən dəfələrlə artıq olmuşdur. Bu və bu kimi hallar müəyyən dönəmlərdə olduğu kimi, hal hazırda da baş verir. Çünki hal hazırda da istər xaricdən və xarici təşkilatlardan, istərsədə daxildə də partiya üçün kifayət qədər dəstək olunur. Amma heç şübhəsiz ki, nə partiyaya, nədə partiya üzvlərinə bu deyilənlər şamil olunmur, olunsada çox cüzi miqdarda olunur.

Ümumiyyətlə Əli Kərimlinin və onun tərəfdarlarının öz çirkin əməlləri ilə Əbülfəz Elçibəyi həmişə bir şəxsiyyət, lider kimi nüfuzdan salmağa, onu partiyanın rəhbərliyindən uzaqlaşdırmağa səy göstərmələri, nəticədə partiyanın parçalanmasına nail olmaları, hətta 2000-ci ildə səhhəti ilə bağlı Türkiyədə olduğu dövrlərdə öz çirkin məqsədlərindən əl çəkməyərək mətbuatda əmimin əleyhinə böhtan, təhqir, aşağılayıcı fikirlər söyləyərək geniş kompaniya aparmaları bu gün hamıya bəllidir.

Həmin dövrdə "Azəritürk" Qadınlar Cəmiyyətində Türkiyə təmsilçisi, eyni zamanda Əbülfəz Elçibəylə yaxın münasibətlərdə olmuş Sevgi Erenerolla 2000-ci ilin avqust ayının 22-də əmim Əbülfəz Elçibəyin dəfn mərasimindən sonra evimizdə söhbət edərkən Gülhanə Tibb Akademiyasının həkimləri ilə söhbətlərindən əmim Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı onda şübhələr yarandığını, həta Qabil Hoca adlı hərbi həkimin əmimin istifadə etdiyi hər hansı bir əşyasının ona gətirilməsini xahiş etdiyini bildirmişdi. Sevgi Erenerol bizdən bunu istəyəndə o, dönəmdə bu məsələyə bir qədər soyuq yanaşıldığı üçün əmimin hən hansı bir əşyasını əldə edib ona təqdim edə bilmədik. Onu da qeyd etmək istəyirəm ki, Sevgi Erenerolla söhbətlərimizdə o, dəfələrlə Əli Kərimlinin adı gələndə onu "ajan", yəni xain adlandırmış, hətta əmimin sağlığında özünü Əli Kərimlidən qorunması barədə ona dəfələrlə xəbərdarlıq etdiyini bizə bildirmişdi.

Məlumunuz olduğu kimi, həmin dövrdə mətbuatda da əmimin zəhərlənməsi, eyni zamanda Əli Kərimlinin agent olması, əmimin və Azərbaycanın əleyhinə cəsusluqla məşğul olması barədə yazılar dərc olunurdu. Göstərdiyim kimi həmin dövrdə əmimin zəhərlənməsi bizdə müəyyən şübhələr yaratsa da buna elə bir ciddi əhəmiyyət verməmişdim. Lakin, əmimin zəhərlənməsi ilə bağlı Bakı şəhər prokurorluğunda istintaq getdiyi dövrdə, yəni təxminən 2012-ci ilin oktyabr ayının əvvələrində Əli Kərimli atamın yaşadığı evə gələrək böyük narahatçılıqla atamdan istintaqın dayandırılmasını israrlı şəkildə xahiş etməsi məndə olan ona qarşı şübhələri artırdı. Mən bunları istintaqa verdiyim ifadəmdə də göstərmişəm.

Hörmətli xanımlar və cənablar, məlumunuz olduğu kimi, 2013-cü ilin yanvar ayının əvvəllərində müxtəlif mətbuat səhifələrində Əbülfəz Elçibəyin barəsində müxtəlif məzmunlu böhtan xarakterli məqalələrin yazılması bizi narahat etməyə bilməzdi. Məndə olan məlumata görə belə bir sənəd mövcuddur ki, həmin sənədə əsasən "Əli" adında agentinin İranın Bakıdakı səfiri Nəhavəndianın səfirliyin diplomatları ilə müşavirə keçirərkən Azərbaycan dövlət nümayəndə heyyətinin İrana rəsmi səfərinin nəticələrinin yüksək qiymətləndirməsi, Nəhavəndianın Azərbaycan rəhbərliyinin qonşu İran dövlətinin böyüklüyünü dərk edərək ona tərəf üz döndərməsi, Türkiyə siyasətinin Azərbaycanda puça çıxması, İranın nüfuzunun artması, bu imkanı əldən verməmək üçün Azərbaycana hümanitar yardım kimi ərzaq və başqa istehlak malları göndərilməsi, Azərbaycan rəhbərliyinin siyasətdə naşı olmasından istifadə edərək İran-Azərbaycan vətəndaşlarının vizasız bu dövlətə gediş-gəlişi, Naxçıvan və Lənkəranda İranın baş konsulluqlarının açılması, İran televiziya proqramının birbaşa Azərbaycan televiziyasının kanallarının birində göstərilməsi, bəzi rayonlarda İranın dini məktəblərinin və mədrəsələrinin açılması, Azərbaycanın ali və orta təhsil ocaqlarında İranlıların təhsil alması, yerli həkimlərin müqavilə əsasında İrana işləməyə göndərilməsi kimi məsələlərin tezliklə həll olunacağına çalışacaqları, hal-hazırda Azərbaycanın dövlət katibi (Əli Kərimli) və Milli Məclisin sədri prezidentdən (Əbülfəz Elçibəy) nüfuzlu olmaları, bütün siyasi məsəlləri onların həll etdikləri, bu baxımdan həmin iki şəxslə əlaqələrin möhkəmləndirilməsinin vacib olmasını bildirməsi, Azərbaycan-İran münasibətlərində siyasi gərginlik yaranarsa "Naxçıvan" məsələsinin ortaya atılması məzmununda tərtib olunmuş 2 vərəqədən ibarət arayış aşkar etdim. Həmin sənədlə bir daha təstiq olunurdu ki, Əli Kərimli həmin dövrlərdən başlayaraq əmimin həm ölkə daxilində, həmdə ölkədən kənarda nüfuzdan salmağa cəhdlər etmiş, Bütöv Azərbaycan ideyalarına görə İranın əmim Əbülfəz Elçibəyə qarşı münasibətlərinin birmənalı olmamasından yararlanaraq Əli Kərimli hakimiyyət uğrunda apardığı mübarizədə öz məqsədlərinə nail olmaq üçün İran dövlətinin köməkliyindən istifadə etmiş, İran dövləti isə bunun nəticəsində həmin dövrdə müəyyən məqsədlərinə nail olmaq üçün konkret hərəkətlər edərək müəyyən nailiyyət əldə etmişdir. Əli Kərimlinin əmim Əbülfəz Elçibəyə qarşı belə düşmənçilik mövqeyində olması, əmimin ölümündə zəhərlənmə şübhələrinin olması, bunu əmimlə, eyni zamanda ailəmizlə yaxın münasibətlərdə olan Sevgi Erenerolun da təstiq etməsi kimi hallar Əli Kərimliyə qarşı əsaslı şübhələr yaratdığından həmin sənəd araşdırma aparılması üçün istintaqa təqdim edilmişdir.

Mən çıxışımı yekunlaşdırmadan öncə bildirmək istərdim ki, istər türkçü vətənpərvər Əbülfəz Elçibəyə, təmsil olunduğu dövlətə, partiyaya qarşı edilən xəyanətlərlə bağlı əldə edilən dəyərli məlumatlarımız çoxdur. O, baxımdan mən tam əminəm və düşünürəm ki, bir zaman gələcək sizlərdə bu halların şahidi olcaqsınız və sizlərdə əmin olacaqsınız. Əbülfəz Elçibəy demişkən "hər şeyin zamana ehtiyacı var". İllər boyu öz liderinə və təşkilatına, öz dostlarına xəyanət etmiş bir şəxslə bundan sonra da irəliləmək, yola çıxmaq istəyindəsinizsə mən sizə yalnız uğurlar diləyə bilərəm.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti