Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir E.Mehdiyev/
Müstəqil Litvanın ilk dövlət başçısı (1990-1992), Litva Seyminin sədri (1996-2000), Avropa Parlamentinin üzvü və Avropa Parlamentinin Cənubi Qafqaz dövlətləri ilə əlaqələr üzrə nümayəndə heyəti sədrinin müavini Vitautas Landsbergis mayın 6-8-də Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunun işində iştirak etmək üçün Azərbaycana səfərə gələcək.
Diaspora İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Landsbergis Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil edilən forumda Cənubi Qafqaz bölgəsində geosiyasi vəziyyət, həlli uzadılmış münaqişələr, Avropa İttifaqı-Cənubi Qafqaz əməkdaşlığı və "Şərq tərəfdaşlığı" siyasətinin açdığı yeni imkanlar mövzusunda məruzə edəcək.
Landsbergis hazırda müstəqil dövlət kimi Avropa Şurasının üzvü olan keçmiş sovet respublikalarında Avropa ictimai-siyasi fikrinin və açıq vətəndaş cəmiyyəti təsisatlarının bərqərar olmasının vacibliyi və sivil dövlət quruculuğu yolunda, həmçinin insan hüquqları sahəsində demokratik islahatlar keçirilməsinin zəruriliyi barədə mediada və Avropa İttifaqı institutlarında vaxtaşırı çıxışlar və çağırışlar edən nüfuzlu siyasi xadim kimi tanınır.
Onun çıxışlarının mühüm hissəsi Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bucağı altında Cənubi Qafqazın siyasi və iqtisadi baxımdan vahid və sabit region kimi formalaşdırılması məsələsinin aktuallığına həsr olunub. O, ictimai-siyasi publisistik yazılarında Cənubi Qafqaz dövlətlərinin siyasi baxımdan Avropa İttifaqına yaxınlaşdırılmasını və onların Avroatlantik təhlükəsizlik və əməkdaşlıq strukturlarına inteqrasiya edilməsini regionda Rusiyanın imperiya iddialarını neytrallaşdırmaq və bu ölkələri Kremlin "göbəyindən tamamilə kəsib uzaqlaşdırmaq" üçün taleyuklü əhəmiyyəti olan proseslər kimi vurğulayır.
Litvanın ilk dövlət başçısı Gürcüstan və Azərbaycan ərazilərinin qonşu dövlətlərin təhriki ilə işğal edilməsini və regiondakı "dondurulmuş" münaqişələrin uzun müddət həll olunmamasını strateji məqsədlərə bütünlüklə çatmaq üçün ciddi maneə törədən hərbi və geosiyasi faktorlar kimi siyasi fəaliyyətində daim diqqət mərkəzində saxlayır. O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üçün aparılan danışıqları da mütəmadi izləyir və vaxtaşırı müvafiq mülahizələr yürüdür, rəy və şərhlərləni söyləyir.
Litva siyasətçisi ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı gedən danışıqları yarıtmaz sayır, bu qrupa üzv olan dövlətləri münaqişənin nizamlanmasında nəticənin olmamasında sərt tənqid edir, işğalçı Ermənistanın ATƏT-lə hesablaşmamasını, onun tövsiyələrinə təpki ilə yanaşmasını Minsk qrupunu özünü doğrultmayan və siyasi arenada sözü keçməyən bir qurum olmasını təsdiq edən faktlar kimi dəyərləndirir. O, məqalələrinin birində "Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların müharibədən başqa heç nə vəd etmədiyini" bildirib.
ATƏT-in Minsk qrupunun bu vaxtadək heç bir nailiyyət qazanmadığını, erməni təcavüzünə son qoymaq və Azərbaycan torpaqlarının işğaldan azad etmək üçün bu qrupa üzv olan ABŞ, Fransa və Rusiya dövlətlərinin qeyri-konstruktiv mövqe tutduqlarını və beləliklə, Qarabağ danışıqlarının dalana dirəndiyini təəssüflə vurğulayan Landsbergis münaqişənin həllinə Avropa İttifaqı qurumlarının daha yaxından cəlb edilməsini qənaətbəxş sayır və bu yolda Avropa parlament diplomatiyasını gücləndirməyi təklif edir, Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin həlli axtarışlarında Avropa Şurasının və Avropa İttifaqının digər təsisatlarının fəal iştirakını təbliğ edir.
Səbatlı və təcrübəli siyasətçi kimi tanınmış V.Landsbergis son illər Avropa İttifaqı təsisatlarının sədrləri ilə tez-tez görüşlər keçirir və Qarabağ münaqişəsinin həllinin mümkün variantları ətrafında müzakirələr aparır, Avropa Parlamenti rəhbərlərinə ardıcıl surətdə müraciətlər və təkliflər edir, onlara müxtəlif sorğular göndərir, əldə edilmiş nəticələr və alınmış cavablar barədə ictimai-siyasi dairələri media vasitələri ilə daima məlumatlandırır.