Gürcüstan, Tbilisi, 29 aprel /Trend, müxbir N.Kirsxaliya/
Türkiyə, Azərbaycan və Gürcüstan NATO-nun Əfqanıstandan yüklərin daşınması üçün Bakı-Tbilisi-Qars dəmiryolundan istifadə etməsini istəyirlər. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze bildirib.
"Gürcüstan tərəfi ISAF və NATO-ya iki şey təklif edir. Birincisi, Gürcüstanın 2014-cü ildən sonra da Əfqanıstandakı əməliyyatlarda iştirak etməsidir. Hərçənd missiya hələ müəyyən olunmayıb. Bununla yanaşı, biz Əfqanıstan təhlükəsizlik qüvvələrinin formalaşdırılmasına maliyyə vəsaiti ayırmağa hazır olduğumuzu bəyan edirik. İkincisi, biz 2014-cü ildən sonra Əfqanıstandan ən qısa, rahat və ucuz yol olan Bakı-Tbilisi-Qars dəmiryolunu təklif edirik", - Pancikidze deyib.
O qeyd edib ki, bu, üç ölkənin layihəsidir.
"Türkiyə və Azərbaycan da həmin yoldan istifadə edilməsində maraqlıdırlar. Biz ilk dəfə bu barədə əvvəl də bəyanat vermişdik. Biz sadəcə hər görüşdə bu məsələni qaldırmağa cəhd edirik. Biz ikitərəfli görüşlərdə də bunu edirik və bir sıra ölkələrin öz yüklərini özlərinin daşıyacağını da istisna etmirik. Bizə artıq bəzi ölkələrin belə maraqları məlumdur", - Mayya Pancikidze deyib.