...

Avropada Azərbaycan diasporunun təşkilatlanma mərhələsi başa çatdırılıb

Siyasət Materials 21 İyun 2013 14:05 (UTC +04:00)
Bu gün Avropada Azərbaycan diasporunun təşkilatlanma mərhələsi başa çatdırılıb və artıq lobbiçilik istiqamətində addımlar atılır.

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İ.İzzət/

Bu gün Avropada Azərbaycan diasporunun təşkilatlanma mərhələsi başa çatdırılıb və artıq lobbiçilik istiqamətində addımlar atılır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Benelüks Azərbaycanlıları Konqresinin prezidenti, Avropa Azərbaycanlıları Konqresinin (AAK) vitse-prezidenti Sahil Qasımov deyib.

Onun sözlərinə görə, bu gün lobbiçilik qarşıda duran əsas vəzifələrdən biridir: "Çünki lobbizim özü bir diplomatiyadır. O, xalq diplomatiyası və ənənəvi diplomatiyadan fərqlənir. Benelüks Azərbaycanlıları Konqresi Avropa İttifaqında akkreditə olunub. Bu məsələlər birbaşa Avropa deputatlarının nəzərinə çatdırılıb və Azərbaycanla bağlı məsələlər araşdırılır. Beləcə, lobbiçilik daha geniş vüsət almağa başlayıb. Bizim yunan, erməni, yəhudi lobbisinin gücündə sözünü deyə bilən lobbimiz mövcuddur. Bu yolda daha geniş addımlar atılacaqdır".

Qasımov əlavə edib ki, ötən il dekabrın 10-da Niderland Krallığının parlamentində Dağlıq Qarabağ məsələsi qaldırılıb: "Bu cür tədbirlərin keçirilməsi daha da çoxaldılmalıdır. Çünki biz artıq ənənəvi diaspor məsələlərindən bir az da irəli getməliyik. Bizim ağrılı məsələlərimiz çoxdur və bunu ən yüksək səviyyədə həll etmək üçün öz gücümüzü bir yerə qoymalıyıq".

Sonda qonaq bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin Diaspor Rəhbərlərinin I Bakı Forumunun əhəmiyyətini yüksək qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti