...

Prezident İlham Əliyev: Azərbaycan və Rusiya arasında bütün məsələlər üzrə mövqelər oxşardır (FOTO)

Siyasət Materials 13 Avqust 2013 20:56 (UTC +04:00)
Avqustun 13-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyası Prezidenti Vladimir Putinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Prezident İlham Əliyev: Azərbaycan və Rusiya arasında bütün məsələlər üzrə mövqelər oxşardır (FOTO)

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Avqustun 13-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyası Prezidenti Vladimir Putinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev qonaqları salamlayaraq deyib ki, iki ölkə arasında əməkdaşlıq çoxplanlı və çoxtərəflidir, demək olar ki, bütün sahələri əhatə edir: "Sizin səfəriniz bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu gün artıq danışıqlarda qarşılıqlı maraq doğuran məsələlərin geniş spektri üzrə fikir mübadiləsi apardıq. Münasibətlərimizin gündəliyi çox genişdir".

Dövlət başçısı deyib ki, Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələr, humanitar sahə, nəqliyyat, regional təhlükəsizlik və bütün məsələlər üzrə mövqelər oxşardır: "Əlbəttə ki, ikitərəfli münasibətlər və regional siyasətin mühüm məsələlərini Sizinlə müzakirə etmək imkanı çox vacibdir. Çox şadam ki, Sizi böyük və möhtərəm nümayəndə heyəti müşayiət edir. Nümayəndə heyətinin belə tərkibdə olmasının özü sübut edir ki, bizim önəm verdiyimiz məsələlər böyük əhəmiyyət kəsb edir. Əminəm ki, bu səfər ölkələrimiz arasında gələcək dostluq münasibətlərinə bütün istiqamətlərdə təkan verəcək, ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaqdır".

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin çıxış edərək deyib:

"İlham Heydər oğlu, dəvətə görə çox sağ olun! Rusiya-Azərbaycan münasibətlərinin inkişafına göstərdiyiniz diqqətə görə təşəkkür edirəm! Mən əsas məsələ, humanitar istiqamətlər barədə daha çox danışmaq istərdim. İndicə kiçik tərkibdə danışarkən biz bu məsələyə lazımi diqqət yetirdik. Mən bir daha qeyd etmək istərdim ki, Azərbaycanda rus dilinin inkişafına və tədrisinə lazımi diqqət göstərilir, rusdilli məktəblər və Rusiyanın ali təhsil müəssisələrinin filialları da fəal işləyir. Bu, mühüm məsələdir. Çünki bu, bütün digər istiqamətlərdə iş üçün şərait yaradır".

Rusiya Prezidenti deyib ki, bütün digər məsələlərlə bağlı bizdə yüksəliş göz qabağındadır: "Biz artıq qeyd etmişik ki, dünya iqtisadiyyatındakı çətinliklərə baxmayaraq, əmtəə dövriyyəmiz artır. Keçən il demək olar ki, 50 faiz, yəni 47 faizdən çox artıb. Bu, bizim qarşılıqlı fəaliyyətimizin çox gözəl göstəricisi, potensialıdır. Həqiqətən də Rusiya nümayəndə heyətinin tərkibində xeyli nazirlər vardır, onların çoxu əsas aparıcı nazirliklərin və idarələrin nümayəndələridir. Mən ümid edirəm ki, biz bu gün belə geniş tərkibdə əməkdaşlığımızı daha da intensivləşdirmək üçün nələr etməli olduğumuzla bağlı fikir mübadiləsi aparacağıq. Əminəm ki, bütün bu işlər bizim gələcək fəaliyyətimiz üçün faydalı və perspektivli olacaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti