...

XİN: Türkiyə Misirin daxili işlərinə qarışmaq məsələsində bütün sərhədləri keçib

Siyasət Materials 15 Avqust 2013 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir A. Tağıyeva/

Türkiyə Misirin daxili işlərinə qarışmaq məsələsində bütün məqbul sərhədləri keçib. Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Misirin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Məlumatda bildirilir ki, XİN-in bəyanatında Türkiyə və Qətər rəhbərliklərinin Misirdəki vəziyyətlə bağlı bəyanatları pislənilir.

Ötən gün Qətərin xarici işlər naziri Xalid Məhəmməd Əl-Atıya Misirdə nümayişçilərə qarşı törədilən zorakılığı pisləyib.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Misir ordusu ötən gün öz xalqına qarşı soyqırım törədib.

Ərdoğan, o cümlədən nümayişçilərin öldürülməsinin qarşısının alınması məqsədilə BMT Təhlükəsizlik Şurasının təcili iclasını keçirməyə çağırıb.

Bundan əlavə Türkiyənin Baş naziri bildirib ki, Qərb Misirdəki qanlı hadisələr qarşısında susur. Bununla da ordunun nümayişçilərə qarşı hərəkətlərini həvəsləndirir.

Misir ordusu dünən səhərdən Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarlarının etiraz nümayişlərini dağıtmağa başlayıb.

Qeyri-rəsmi məlumata görə, Qahirənin Rabia Al-Adaviya meydanında keçirilən nümayişlərin dağıdılması zamanı indiyə qədər 1500-ə yaxın insan həyatını itirib, minlərlə insan isə yaralanıb.

Rəsmi məlumatlarda isə qarşıdurma nəticəsində 278 nəfərin öldüyü, mindən artıq insanın isə yaralandığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti