...

Elmira Süleymanova: Polisin seçki prosesinə müdaxiləsi, vətəndaşlara qarşı qeyri-etik davranışı yolverilməzdir

Siyasət Materials 29 Sentyabr 2013 15:27 (UTC +04:00)
Prezident seçkiləri ərəfəsində seçki hüquqları xüsusi əhəmiyyət kəsb edir. Seçmək və seçilmək hüquqları prioritet məsələdir. Bu seçkilər xalqımızın və demokratik hüquqi dövlət quruculuğu yolunu seçmiş müstəqil dövlətimizin həyatında mühüm rol oynayır.
Elmira Süleymanova: Polisin seçki prosesinə müdaxiləsi, vətəndaşlara qarşı qeyri-etik davranışı yolverilməzdir

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Prezident seçkiləri ərəfəsində seçki hüquqları xüsusi əhəmiyyət kəsb edir. Seçmək və seçilmək hüquqları prioritet məsələdir. Bu seçkilər xalqımızın və demokratik hüquqi dövlət quruculuğu yolunu seçmiş müstəqil dövlətimizin həyatında mühüm rol oynayır. Trend-in məlumatına görə, bu sözləri Cənub TV-yə müsahibəsində Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova deyib.

E.Süleymanovanın sözlərinə görə, hazırda regionlarda MSK ilə birgə həyata keçirdikləri seçki hüququ ilə bağlı maarifləndirici tədbirlər hər hansı bir namizədin lehinə və yaxud əleyhinə yönəlmir, əksinə, insan hüquqları, o cümlədən seçki hüquqlarını, seçki qanunvericiliyini və qaydaları daha aydın izah edir.

Müvəkkil qeyd edib ki, hər bir seçici müstəqil, sərbəst səsvermə hüququna malikdir: "Biz insanlara izah edirik ki, seçkilərdə daha diqqətli olmalıdırlar, təsir altına düşməməlidirlər. Hətta əlil olan insanlar belə, özləri öz istəyi və qərarı əsasında səs verməlidirlər".

Əlilliyi olan vətəndaşlar üçün 1113 məntəqədə pandusların qurulmasını müsbət qiymətləndirən ombudsman gözdən əlil olan şəxslərin də prezident seçkilərində səs verməsi üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.

E.Süleymanova əlavə edib ki, ölkəmizdə gözdən əlillər çoxdur: "Onlar üçün brayl əlifbası ilə bülletenlər çap olunub. Hər bir kəs uçotdadır, bilir ki, hansı məntəqəyə nə qədər bülleten verməlidirlər. Beləliklə, fiziki qüsurlu insanlar üçün də hərtərəfli imkanlar yaradılıb".

Müvəkkil ölkəmizdə digər hüquqlarla yanaşı, seçki hüquqlarının təmini vəziyyətinin də ombudsman tərəfindən diqqətdə saxlanıldığını və bu istiqamətdə aparılan monitorinqlərdə aşkar olunan nöqsanların MSK-nın diqqətinə çatdırıldığını vurğulayıb. O, hər bir vətəndaşın seçki hüquqları ilə yanaşı, vəzifələrinin də olduğunu qeyd edib. Həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanları nümayəndələrinin və polis əməkdaşlarının seçki prosesinə müdaxiləsinin, vətəndaşlara qarşı qeyri-etik davranışının yolverilməz olduğunu söyləyib.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçirləcək.

Xəbər lenti

Xəbər lenti