...

MDB PA-nın müşahidə missiyası Azərbaycanda seçkilərə yaxşı hazırlığı qeyd edir

Siyasət Materials 9 Oktyabr 2013 16:01 (UTC +04:00)
Azərbaycanda prezident seçkiləri üzrə MDB Parlamentlərarası Assambleyasının (PA) müşahidə missiyası seçkilərə yaxşı hazırlığı qeyd edir.
MDB PA-nın müşahidə missiyası Azərbaycanda seçkilərə yaxşı hazırlığı qeyd edir

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanda prezident seçkiləri üzrə MDB Parlamentlərarası Assambleyasının (PA) müşahidə missiyası seçkilərə yaxşı hazırlığı qeyd edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda jurnalistlərə MDB PA Şurasının baş katibi Aleksey Sergeyev deyib:

"Biz Azərbaycanda 5491 seçki məntəqəsindən birinin açılışında iştirak etmişik. MDB PA-dan olan beynəlxalq müşahidəçilər qrupunun üzvləri bizimlə paralel olaraq ölkə üzrə onlarla seçki məntəqəsində işə başlayıblar. Qeyd edim ki, MDB PA-nın ekspertləri avqustun 1-dən seçkilərə hazırlığı izləyiblər. Onlar seçkilərə hazırlıq üzrə uzunmüddətli müşahidə ilə məşğul olublar. Beynəlxalq müşahidəçilər qrupunun ilkin işi ondan xəbər verir ki, prezident seçkilərinə hazırlıq seçki qanunvericiliyinin formalaşdırılması və komissiyaların işi, dairə komissiyalarının üzvlərinin təlimi baxımından yaxşı təşkil edilib".

Onun sözlərinə görə, namizədlərin seçkiqabağı kampaniyası olduqca fəal keçib: "Bu gün Azərbaycan Respublikası üçün ən önəmli gündür, ölkə dövlət başçısını seçir".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Seçki məntəqələri saat 08:00-da açılıb və 19:00-da bağlanacaq.
Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti