...

Sadiq Gözəlov: Xocalı soyqırımı günü Milli Şura üzvləri polis əməkdaşlarını təxribata çəkməyə çalışıblar

Siyasət Materials 27 Fevral 2014 17:35 (UTC +04:00)
Bu gün "Azadlıq" qəzetində fevralın 26-da Milli Şura üzvlərinin Xocalı soyqırımının qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərkən polis əməkdaşları tərəfindən təxribata məruz qalmaları barədə fikirlər əksini tapıb.
Sadiq Gözəlov: Xocalı soyqırımı günü Milli Şura üzvləri polis əməkdaşlarını təxribata çəkməyə çalışıblar

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İ.İzzət/

Bu gün "Azadlıq" qəzetində fevralın 26-da Milli Şura üzvlərinin Xocalı soyqırımının qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərkən polis əməkdaşları tərəfindən təxribata məruz qalmaları barədə fikirlər əksini tapıb.

Bu barədə Trend-in sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov bildirib ki, əksinə, bir qrup cəbhəçi gənc polis əməkdaşlarını təxribata çəkməyə cəhd ediblər: "Müasir Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım mərasimində iddiaların əksinə olaraq, əslində, bir qrup cəbhəçi gənc bu ümumdövlət əhəmiyyətli tədbirin gedişini pozmağa yönəlmiş təhrikedici hərəkətlərlə polis əməkdaşlarını təxribata çəkməyə, bu müdhiş faciədən də öz çirkin siyasi məqsədləri üçün istifadə etməyə çalışıblar. Lakin belə həssas durumda da özlərini təmkinlə aparan asayiş keşikçiləri tərəfindən onların növbəti provokasiyasının qarşısı alınıb.

Ümumxalq hüzn günündə polisi təxribatda günahlandıran şəxslərin, görəsən, Xocalı şəhərinin müdafiəsi zamanı düşmənlə qeyri-bərabər döyüşdə 17 əməkdaşımızın da qəhrəmancasına həlak olmasından məlumatları varmı?.."

Polkovnik S.Gözəlov həmçinin qeyd edib ki, bəzi müxalifətyönlü gənclərin təxribat cəhdlərinə baxmayaraq, Xocalı soyqırımının 22-ci ildönümünə dair anım tədbirləri zamanı polis əməkdaşları tərəfindən ictimai təhlükəsizlik və ictimai qayda yüksək səviyyədə qorunub, bütün iştirakçılarının təhlükəsizliyi nümunəvi şəkildə təmin olunub, bu zaman qanun keşikçiləri üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti