Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir R.Hafizoğlu/
Türkiyə hökuməti ölkənin dövlət strukturlarında kök salmağa cəhd göstərən Fətullah Gülənin [hazırda ABŞ-da yaşayan ictimai din xadimi] tərəfdarları ilə mübarizə çərçivəsində xüsusi tədbirlər paketi hazırlayacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Türkiyənin "Sabah" qəzeti hökumətdəki mənbəyə istinadən yazıb.
Hazırda adıçəkilən tədbirlər paketinin məzmunu açıqlanmır, lakin qeyd olunur ki, Fətullah Gülən tərəfdarları ilə mübarizə çərçivəsində Türkiyənin polis məktəbləri müvəqqəti bağlana bilər.
Fevralın 25-də Türkiyənin bəzi kütləvi informasiya vasitələri xəbər yaymışdı ki, 2011-ci ildə İstanbul prokurorluğu tərəfindən "Salam" təşkilatının üzvlərinə qarşı aparılan antiterror əməliyyatları çərçivəsində ölkənin həm iqtidar, həm də müxalifət partiyaları ilə sıx bağlı olan yeddi mindən artıq insanın, eləcə də Baş nazirin ailə üzvlərinin telefon danışığı dinlənilib.
Bir qədər əvvəl Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Fətullah Gülən hərəkatının CHP ilə sıx əlaqələrə malik olduğunu və bu iki strukturun birgə fəaliyyətinin hökumətin zəiflədilməsinə yönəldiyini bəyan edib.
Fevralın 27-də Ərdoğan Güləni Türkiyənin daxili işlərinə müdaxilə etməməyə çağırıb.