...

Sankt-Peterburqda 18-ci Beynəlxalq İqtisadi Forum keçirilir (FOTO)

Siyasət Materials 22 May 2014 17:10 (UTC +04:00)
Mayın 22-də Rusiyanın Sankt-Peterburq şəhərində Beynəlxalq Peterburq İqtisadi Forumu öz işinə başlayıb.
Sankt-Peterburqda 18-ci Beynəlxalq İqtisadi Forum keçirilir (FOTO)

Rusiya, Sankt-Peterburq, 22 may /Trend, xüsusi müxbir E.Hüseynov/

Mayın 22-də Rusiyanın Sankt-Peterburq şəhərində Beynəlxalq Peterburq İqtisadi Forumu öz işinə başlayıb.

"İslahatlar dövründə etimadın möhkəmləndirilməsi" mövzusuna həsr olunan 18-ci Beynəlxalq Peterburq İqtisadi Forumu üç gün davam edəcək. Tədbirdə dünyanın iri şirkətlərinin rəhbərləri, 60 dövlətdən, o cümlədən Azərbaycandan rəsmi nümayəndə heyətləri iştirak edirlər.

Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına təbrik məktubunda qeyd olunur ki, hazırda çox sürətli geosiyasi, texnoloji və struktur dəyişikliklər şəraitində belə seçim təsadüfi deyil: "Yalnız birlikdə hərəkət edərək, qarşılıqlı maraqları və onilliklər ərzində qazanılmış konstruktiv əlaqələri nəzərə alaraq, beynəlxalq birlik irəli hərəkət edə, sonrakı qlobal inkişafı təmin edə bilər".

Ümumilikdə tədbirdə müxtəlif ölkələrdən 6 mindən çox siyasi və biznes dairəsinin nümayəndələri, tanınmış alimlər, ictimaiyyət və KİV təmsilçiləri iştirak edirlər. Birinci gün 37 sessiyada dünya və Rusiya iqtisadiyyatının problemləri müzakirə olunub.

Forumun iş proqramı "İqtisadi artımda biznesin töhfəsi: çağırışlar və həll yolları" qlobal biznes sammitinin liderlərinin plenar sessiyası ilə açılıb.

Mayın 23-də, forumun ikinci günü Prezident V.Putinin iştirak edəcəyi gözlənilən "İslahatlar dövründə etimadın möhkəmləndirilməsi" adlı plenar iclas keçiriləcək.

Bundan başqa, sabah "Müasir media: qlobal transformasiya tendensiyaları və perspektivləri" sessiyası keçiriləcək. Sessiyada dünyanın aparıcı informasiya agentliklərinin nümayəndələri iştirak edəcəklər. Azərbaycanı sessiyada AzərTAc və Trend informasiya agentlikləri təmsil edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti