...

Səfir: Xəzər dənizi region ölkələri arasında iqtisadi əməkdaşlıq üçün böyük potensiala malikdir

Siyasət Materials 29 Sentyabr 2014 13:44 (UTC +04:00)
Xəzər dənizi Xəzəryanı ölkələr arasında iqtisadi əməkdaşlıq üçün böyük potensialdır.
Səfir: Xəzər dənizi region ölkələri arasında iqtisadi əməkdaşlıq üçün böyük potensiala malikdir

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

Xəzər dənizi Xəzəryanı ölkələr arasında iqtisadi əməkdaşlıq üçün böyük potensialdır. Bunu Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

M.Pakayin Xəzəryanı ölkələrin özəl sektorda çalışan iş adamlarının ölkələr arasında iqtisadi əlaqələrin güclənməsinə təkan verəcəyini vurğulayıb: "Bu ölkələrdəki özəl sektorda çalışan tacirlər və iş adamları Xəzəryanı ölkələr arasında əlaqələrin gücləndirilməsi üçün təsiredici rol oynaya bilər və əlaqələrin inkişafına təkan verər".

Diplomat deyib ki, İranın prinsipial siyasəti qonşu ölkələrlə dostluq əlaqələrini gücləndirməkdir: "Xəzər dənizi ilə bağlı məsələlərin həlli üçün elə üsullar qəbul olunmalıdır ki, bu üsullar hərtərəfli olsun və Xəzəryanı ölkələrin mənafeyini üzun müddət təmin etsin".

M.Pakayin əlavə edib ki, Xəzər dənizinin yalnız neft və qaz ehtiyatları deyil, ekologiyasının qorunması və təhlükəsizliyinin təmin edilməsi kimi məsələlər də önəmlidir: "Təhlükəsizliyin təmin olunması sabitlik gətirir və iqtisadi inkişaf təhlükəsizliyin təmini ilə əldə olunur".

Onun sözlərinə görə, İran Xəzərin hüquqi statusunun hərtərəfli və beynəlxalq qanunlar əsasında tənzimlənməsi ilə bağlı müzakirələrin səmərəli keçəcəyinə inanır və ümid edir ki, Həştərxandakı sammitdə Xəzəryanı ölkələr arasında bu sahədə ciddi addımlar atılacaq.

Xəzəryanı ölkələrin - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın dövlət başçıları bu gün Rusiyanın Həştərxan vilayətində bir araya gələcək.

Xəzəryanı ölkələrin sammitinin yekununda bir sıra sənədlərin, o cümlədən Xəzərin hüquqi statusu haqqında gələcək Konvensiyanın əsası olacaq siyasi bəyannamənin imzalanması olacaq. Sənəddə suveren dövlət zonasını və balıq ovu zonasını müəyyənləşdirən, eləcə də Xəzər dənizində region ölkələri olmayan dövlətlərin silahlı qüvvələrinin mövcudluğunu qeyri-mümkün edən maddələr yer alacaq. Həmin bəyannamə Konvensiya olaraq 2015-ci ildə Qazaxıstanda keçiriləcək sammitdə qəbul ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti