...

Allahşükür Paşazadə İran Prezidenti Həsən Ruhani ilə görüşüb

Siyasət Materials 13 Noyabr 2014 14:59 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran Prezidenti Həsən Ruhani ilə görüşüb.
Allahşükür Paşazadə İran Prezidenti Həsən Ruhani ilə görüşüb

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İlkin İzzət/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran Prezidenti Həsən Ruhani ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 13-də Qafqaz Müsəlmanları İradəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Bakıda ikigünlük rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti, cənab Həsən Ruhani ilə görüşüb.

Görüşdə Şeyxülislam İran Prezidentini salamlayaraq qeyd edib ki, tarixi və dini tellərlə bağlı olan Azərbaycan və İranın hərtərəfli, o cümlədən, dini sahədə əməkdaşlığı sülh və əmin-amanlığa, dövlətlərimizin inkişafı və xalqlarımızın rifahına xidmət edir.

Azərbaycana Respublikasına səfərindən məmnunluğunu bildirən cənab Həsən Ruhani ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu və bu əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Görüş zamanı Azərbaycan və İran xalqları üçün qarşılıqlı maraq kəsb edən bəzi məsələlər müzakirə edilib.

Görüşdə QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev, sədrin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli, İran İslam Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin, İranın Ali dini rəhbərinin nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejad və başqaları iştirak ediblər.

Qeyd edək ki, bu gün İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb və ali qonaq ölkəsinə geri qayıdıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti