...

Tural Abbaslı: Müsavatın qurultayından narazı qalan üzvlərin fraksiyasının yaradılması üçün daha real addımlar atılacaq

Siyasət Materials 9 Dekabr 2014 15:40 (UTC +04:00)
Müsavat Partiyasının qurultayından narazı qalan üzvlərin fraksiyasının yaradılması ilə bağlı narazı tərəflərlə görüşlər keçirilir, danışıqlar aparılır.
Tural Abbaslı: Müsavatın qurultayından narazı qalan üzvlərin fraksiyasının yaradılması üçün daha real addımlar atılacaq

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Müsavat Partiyasının qurultayından narazı qalan üzvlərin fraksiyasının yaradılması ilə bağlı narazı tərəflərlə görüşlər keçirilir, danışıqlar aparılır. Bu barədə Trend-ə Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı deyib.

O, qeyd edib ki, bu, 3-5 nəfərin iştirak etməsi ilə mümkün olan proses deyil: "Bu, gərək narazı qalan üzvlərin böyük əksəriyyətini özündə ehtiva etsin, onların dəstəyini alsın. Əks tədqirdə, heç bir səmərə verməz. Sadəcə bir-iki gün gündəm yarada bilər. Bu baxımdan fraksiyanın yaradılması müəyyən zaman alacaq. Bizim fraksiya yaratmaqda məqsədimiz partiyadaxili demokratiya və ya bərabər münasibətləri bərpa etməkdir. Odur ki, həm rayon təşkilatlarında olan narazılarla, həm də partiyanın proseslərin gedişindən narazı olan nüfuzlu üzvləri ilə danışıqlar aparmağa və onları bu proseslərə cəlb etməyə çalışırıq. İndiki mərhələdə hələ danışıqlar davam edir. Güman edirəm ki, məsələlər bir az da aydınlaşandan sonra daha aktual yer tutacaq və daha real addımlar ata biləcəyik".

Növbədənkənar qurultayın keçirilməsi məsələsinə gəlincə, T.Abbaslı bunun o qədər də real göründüyünü hesab etmir: "Növbədənkənar qurultayın çağırılma prosedurlarına nəzər salsaq görərik ki, burada son qərarı partiyanın Məclisi verir. Yəni Müsavat Partiyasının Məclisində də bu gün kimin tərəfdarlarının daha çox üstünlük təşkil etdiyi heç kimə sirr deyil və o Məclisdə növbədənkənar qurultayın keçirilməsi haqqında qərar çıxarmaq praktiki baxımdan mümkün deyil. Odur ki, bu, sadəcə nəticəsiz bir enerji sərfiyyatı olacaq. Ona görə də mən növbədənkənar qurultay məsələsinə isti baxmıram".

Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir sıra üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Narazı üzvlər partiyada fraksiya yaradılmasının və növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti