...

24 aprel - türkün bayramı, erməninin yası

Siyasət Materials 15 Yanvar 2015 18:29 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bayram müjdəsi verdi. Çanaqqala döyüşündə qazanılmış qələbənin 100 illiyi qeyd ediləcək.
24 aprel - türkün bayramı, erməninin yası

Azərbaycan xəbərlər xidməti

Məftun Salmanov - Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bayram müjdəsi verdi. Çanaqqala döyüşündə qazanılmış qələbənin 100 illiyi qeyd ediləcək. Türk dünyasının qələbə tədbirləri əlamətdar tarixdə - aprelin 24-də baş tutacaq. Ərdoğan bunu Türkiyədə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında ilk dəfə bəyan etdi.

Ərdoğanın açıqlamasının Ermənistan üçün "soyuq duş" effekti verəcəyi birmənalıdır.

Qələbənin seçilmə tarixi əlamətdardır, elə deyilmi? O da əlamətdardır ki, həmin tarixdə qondarma "erməni soyqırımı"nın da 100 illik yubileyidir. Aprelin 24-də "soyqırım"a görə bütün dünya ermənilərinin "timsah göz yaşları" axıtdığı bir vaxtda Türk dünyası sevinc göz yaşlarına qərq olacaq.

Zəfər münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün dünya ölkələrinin dövlət başçılarına dəvət göndərilib. Ermənistan da analoji addımı atıb. Bu baxımdan kimin kim olduğunu bir daha görəcəyik. Onlar ya xeyirdən, yaxud şərdən yana seçim etməli olacaqlar.

Çanaqqala zəfərinin bu tarixdə keçirilməsi Ermənistan və onun havadarları olan diasporla informasiya müharibəsində önəmli addımdır. Bu onu göstərir ki, Türkiyə və Azərbaycan həmişəki kimi aprelin 24-də müdafiə olunmayacaqlar. Artıq Ankara və Bakı hücuma keçiblər.

Qərarın müdrik addım olduğunu deyən Azərbaycan Prezidenti xalqımızın bunu layiqincə qiymətləndirəcəyini bildirib. Türk dünyasının iki liderinin həmrəylik nümayiş etdirməsi "türkün türkdən başqa dostu yoxdur" deyimini bir daha doğruldur.

Türkiyənin Dağlıq Qarabağ münaqişəsində mövqeyi də konkret və ədalətlidir: münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmalıdır. Ərdoğan bu mövqeni Azərbaycan Prezidenti ilə görüşdə bir daha təsdiq etdi.

Qardaş ölkə Azərbaycanın müdafiə sahəsində də önəmli paya sahibdir. İki ölkənin əsgərləri birlikdə təlimlər keçirərək güc nümayişi göstərirlər. İlham Əliyevin də qeyd etdiyi kimi, bu təlimlər mütəmadi əsasda davam edəcək. Tərəflər birgə müdafiə sənayesi məhsulları istehsal etməyi düşünürlər.

Səmimiyyətə əsaslanan Türkiyə-Azərbaycan əlaqələri ildən-ilə daha da sarsılmaz olur. Bu baxımdan Ermənistanı daha çətin günlər gözləyir. Burada isə başqasının ərazisini işğal etmiş, tarixi saxtakarlıqla məşğul olan Ermənistan günahkardır. Necə deyərlər, özü yıxılan ağlamaz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti