Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İlkin İzzət/
Bu gün Emrənistan-Azərbaycan münaqişəsinin həlli məqsədilə aparılan danışıqların nəticə verməməsinin ən mühüm səbəblərindən biri vaxtilə antiazərbaycan mövqeyi tutan şəxslərin bu gün müxtəlif ölkələrdə siyasi elitaya çevrilmələridir. Bunu Trend-ə açıqlamasında Milli Məclisin üzvü Zahid Oruc deyib.
Millət vəkili qeyd edib ki, Amerika senatorlarının 1990-cı ilin yanvarında ermənilərə dəstək ifadə edən sənədi işıq üzü görmədən də Azərbaycan xalqı bilirdi ki, Azərbaycana qarşı olan təkcə SSRİ deyildi: "Eyni zamanda, Qərbdən də bizim azadlıq ideyalarımıza və mübarizəmizə dəstək verilmir, son dərəcə qeyri-hüquqi və müxtəlif maraqlara söykənən mövqe göstərilirdi. Belə ki, 20 Yanvar hadisələrini Avropa dairələri, eləcə də ABŞ konqresmenləri və senatorları SSRİ-nin daxili işi sayır, onu Azərbaycanda ekstremizmin baş qaldırması formasında dəyərləndirir, ona dini çalar verərək Qorbaçovu bu prosesin qarşısını nəyin bahasına olursa-olsun almağa çağırırdılar. Amerikalı senatorların Qarabağın Azərbaycandan alınaraq müstəqil gələcək siyasi və mədəni mənsubiyyətini təyin etmək çağırışı isə açıq şəkildə sübut edir ki, Qorbaçov xarici dairələr tərəfindən himayə olunurdu. Bu müraciəti imzalayanların kimlərin olduğunu bilməsək, hamımız elə bilərdik ki, bu sənəd elə Yerevanda yazılıb. Ona görə də Azərbaycandan ovaxtkı Kreml rəhbərliyinə qarşı ittihamlar eyni dərəcədə Konqresdə olan şəxslərin və senatorların da ünvanına yönəldilə bilər. Əslində onların məqsədi heç də azadlıq ideyalarına çatmaq üçün ermənilərin mübarizəsinə dəstək vermək deyil, SSRİ-ni müxtəlif hissələrə parçalayaraq onu zəiflətmək, bundan ötrü Azərbaycan kimi ölkələri dağıtmaq üçün Qarabağ məsələsində Ermənistanın mövqeyini himayə etmək idi".
Z.Orucun fikrincə, bu müraciət həmin sənəddə imzası olan adamların tərcümeyi-halı üçün son dərəcə mənfi səhifədir: "Unutmaq olmaz ki, orada təmsil olunan şəxslər sonradan Azərbaycan əleyhinə məşhur "907-ci düzəliş"ə müəlliflik etdilər. Bununla da ABŞ-ın tarixi üçün çox mənfi səhifələr qoydular. Əgər ABŞ-ın bugünkü siyasi elitasında vaxtilə Qorbaçovla eyni mövqedən, eyni platformadan çıxış edənlər, hətta Qorbaçovu Qarabağın Azərbaycandan alınaraq Ermənistana verilməsinə təhrik edənlər, ona siyasi cəhətdən himayədarlıq göstərənlər təmsil olunursa, bu, nəinki narahatlıq, eyni zamanda, hiddət doğurur. Təbii ki, biz ABŞ-ın bugünkü siyasi elitasının büsbütün həmin imza sahibləri olduğunu düşünmürük, bununla yanaşı, Azərbaycan indi və gələcək həyatını planlaşdırarkən belə məsələləri şübhəsiz ki, nəzərə alır. O sənədin altına imza atan insanların bu gün ABŞ-ın siyasi qərarlarını verərkən onları səhv kimi dəyərləndirib, daha obyektiv, daha qərəzsiz, beynəlxalq hüquqa dayanıqlı mövqe göstərəcəklərini düşünmək belə çox çətindir. Azərbaycan insanını buna inandırmaq mümkün deyil. Ona görə də mən həmin sənədi ABŞ-ın tarixində qara ləkə kimi dəyərləndirirəm.
Təsadüfi deyil ki, o vaxt həmin sənədə imza atanlar, o dövrdə Konqresi və yaxud bütövlükdə administrasiyanı təmsil edənlər 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə, bölgələrimizi zəbt etməsinə, azərbaycanlıları soyqırıma məruz qoymasına qətiyyən münasibət bildirmədilər. Həmçinin, bu gün Ermənistan-Azərbaycan münaqişəsinin həlli məqsədilə aparılan danışıqların nəticə verməməsinin də ən mühüm səbəblərindən biri məhz zamanında antiazərbaycan mövqeyi tutanların bu gün müxtəlif ölkələrdə siyasi elitaya çevrilmələri, Con Kerri kimi şəxslərin bu gün dövlət katibi olmalarıdır".
Qeyd edək ki, Ermənistan KİV-də 1990-cı il yanvarın 18-də aralarında ABŞ-ın hazırkı dövlət katibi Con Kerrinin də olduğu bir qrup Konqres üzvünün SSRİ-nin rəhbəri Mixail Qorbaçova ünvanladığı müraciət məktubunun mətni açıqlanıb.
Müraciətin mətnində amerikalı senatorların son 6 gün ərzində azərbaycanlılardan ibarət qruplar tərəfindən Azərbaycanda erməni əhalisinin qətlə yetirilməsi, Bakının erməni əhalisinin əmlakının qarət edilməsindən ciddi narahatlıq ifadə olunur. Bildirilir ki, öldürülən 60 nəfər və yaralanan 156 nəfərin əksəriyyəti ermənidir. Habelə son hadisələr nəticəsində 4000-dək erməninin qaçqın vəziyyətinə düşdüyü iddia edilir. Müraciətdə Qorbaçovdan bütün zəruri tədbirlərin görülməsi istənilir: "Biz erməni azlıqların qətlinin, o cümlədən bu regionda digər zorakılıq hallarının qarşısının alınması üçün sizdən bütün zəruri tədbirlərin görülməsini xahiş edirik. Vətəndaş sülhünün bərpa olunması ilə yanaşı, ümid edirik ki, öz vətəninə getmək istəyi olan ermənilərin bu regiondan təhlükəsiz köçməsini təmin etmək də Sovet rəhbərliyinin məqsədi olacaq. Ümid edirik ki, siz həmçinin bir çox amerikalı və digər əcnəbilərin işləməyə davam etdikləri zəlzələ zonasında Qarabağ və Ermənistanın iqtisadi blokadasını aradan qaldıracaqsınız. Azərbaycan əhalisinin dəhşətli dərəcədə hiddətlənməsi 160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini bir daha önə çəkir. 70 il ərzində Azərbaycan hökuməti yalnız region əhalisinin mədəni hüquqlarını məhdudlaşdırmağa, habelə region əhalisinin 60 faizini təşkil edən Dağlıq Qarabağ ermənilərinin iqtisadi diskriminasiyasına nail olub. Biz sizdən təkidlə xahiş edirik ki, baş verən faciəni Qarabağ xalqının Sovet dövləti çərçivəsində gələcək siyasi və mədəni mənsubiyyətini seçmək hüququnu tanımaqla həll edəsiniz".
Müraciəti ABŞ-ın indiki dövlət katibi Con Kerri ilə yanaşı, senatorlar Pit Uilson, Pols Seymak, Larri Breksler, Kleyborn Pell kimi şəxslər də imzalayıblar.
Yanvarın 19-da isə Moskvada ABŞ Senatının xarici işlər üzrə alt komissiyasının sədri, senator Kleyborn Pell SSRİ-nin xarici işlər naziri Eduard Şevardnadze ilə görüşüb. Söhbət əsnasında K.Pell deyib ki, Sovet rəhbərliyi Azərbaycana "erməni Qarabağ"ı üzərində gələcək nəzarəti həyata keçirməyə imkan verməməlidir: "Mən azərbaycanlıların qəddarlığından və SSRİ-də erməni talanlarından son dərəcə sarsılmışam. Sovet hökuməti erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməlidir. Sovet hökuməti həmçinin Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarmalıdır. Dağlıq Qarabağ üzərində gələcək nəzarəti Azərbaycanın əlində saxlamasına icazə vermək vəziyyəti daha da gərginləşdirmək deməkdir".