...

Səfir: ABŞ ərazi bütövlüyü məsələsinə vahid yanaşma göstərməlidir

Siyasət Materials 14 Aprel 2015 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir Anaxanım Hidayətova/

Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenitetinin pozulmasına gətirib çıxaran hadisələrdən narahatdır.

Trend-in məlumatına görə, bu sözləri Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov "The Daily Signal" saytına müsahibəsində deyib.

O qeyd edib ki, Suriya, İraq, Əfqanıstan və ya Ukrayna olsun, ərazi bütövlüyü və suverenitetin pozulması faciəli nəticələrə gətirib çıxarır, insanlar həlak olur: "Ukraynanın ərazi bütövlüyünün pozulması post-Sovet məkanında ilk hal deyil. ABŞ Ukraynaya görə Rusiyaya qarşı sanksiyalar tətbiq edir, amma Azərbaycan ərazilərini işğal edən Ermənistana qarşı heç bir addım atılmır. Ermənistan ABŞ-dan ən çox yardım alan ölkələrdən biridir. Hiss olunur ki, ölkəmin ərazi bütövlüyünə başqa ölkənin ərazi bütövlüyündən daha az əhəmiyyətli yanaşılır. Gəlin hər kəsə bərabər yanaşaq".

İrana qarşı sanksiyaların ləğvinə də toxunan səfir qeyd edib ki, Azərbaycan İranın qonşusu kimi regionda münasibətlərin normallaşmasında maraqlıdır: "Biz regionu qeyri-sabit görmək, daha bir hərbi fəaliyyətin şahidi olmaq istəmirik. İran regionun aparıcı ölkələrindən biridir. İranda baş verən hər bir hadisə bizə və regiona təsir edir. Regionda yaşayan bizlərik. Həmçinin unutmayaq ki, İranda çoxsaylı azərbaycanlılar yaşayır".

İranı nüvə silahı yaratmaqdan çəkindirmək yollarından danışan E.Süleymanov bildirib ki, diplomatiyaya alternativ görmür: "İstənilən hərbi fəaliyyət prosesə cəlb olunan bütün tərəflər üçün zərərli ola bilər, regionda xaos yaranar".

Səfir bildirib ki, Azərbaycan ABŞ-la terrorçuluğa qarşı mübarizə sahəsində tərəfdaşlıq edir: "Biz güclü tərəfdaşıq. Regionda hazırda ən vacib məsələ uzunmüddətli öhdəliklər və əlaqələrdir. Biz Əfqanıstan prosesinə cəlb olunmuş bir neçə ölkədən biriyik. Əfqanıstanda qüvvələrimiz var. Biz orada müxtəlif sahələrdə treninqlər keçiririk. NATO yüklərinin 40 faizi Azərbaycan ərazisindən keçir. Azərbaycan öz öhdəliklərini yerinə yetirib. Biz uzun illər ABŞ-ın güclü dəstəyini hiss etmişik. Lakin son illər bu ölkənin regiondan bir qədər uzaqlaşması müşahidə olunur. Əgər sizin regiona güclü strateji yanaşmanız varsa və ABŞ kimi super ölkə bunu edə bilərsə, onda müşahidə olunan neqativ hallar baş verməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti