Azərbaycan, Bakı, 17 aprel /Trend/
Kəpəz TV (Region TV) Trend-ə xəbər verir ki, bölgələrdə 2015-ci ilin birinci rübünün yekunlarına dair hesabat yığıncaqları davam edir. Şəmkir və Daşkəsən rayonlarında keçirilən toplantılarda görülən işlərlə yanaşı, buraxılan nöqsanlar da ətraflı təhlil edilib.
Şəmkir rayonunda 2015-ci ilin birinci rübünün yekunlarına dair hesabat iclasında son 3 ayın statistik göstəriciləri diqqətə çatdırılıb. Bildirilib ki, rayon üzrə ümumi daxili məhsul istehsalında plan 100 faiz yerinə yetirilib. Adambaşına düşən gəlirin məbləği 383 manat təşkil edib. Aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə 2490 ailəyə ünvanlı sosial yardım təyin olunub. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən güzəştli kreditlər hesabına sosial iqtisadi sahədə mühüm irəliləyişlərə nail olunub. 1000-ə yaxın daimi iş yeri yaradılıb. İlin əvvəlindən etibarən rayonda abadlıq-quruculuq işləri geniş vüsət alıb. Rayon mərkəzində 1 məktəb binasının tikintisi, 3 yaşayış məntəqəsində isə uşaq bağçası-körpələr evinin əsaslı təmiri davam etdirilir. 2 kəndin qaz təchizatının bərpası istiqamətində işlər yekunlaşmaq üzrədir. İclasda təhsil, səhiyyə və mədəniyyət sahələrində buraxılan nöqsanlar da geniş təhlil edilib. Problemlərin həlli üçün müvafiq tapşırıqlar verilib.
Daşkəsəndə də 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan yığıncaq keçirilib. Hesabat dövründə kənd təsərrüfatı idarəsi üçün inzibati binanın, 35 kilovoltluq elektrik yarımstasiyasının, Qabaqtəpə-Astaf avtomobil yolunda 2 körpünün, Qarabağ əlilləri və şəhid ailələri üçün 36 mənzilli yeni yaşayış binasının tikintilərinə başlanılıb. "Daşkəsən Filizsaflaşdırma" ASC və "Daşkəsən Əhəng Daşı Mədəni" müəssisəsi məhsul istehsalını davam etdirib. Üç ay ərzində 130 aztəminatlı ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib. Ötən aylarda 13 transformator, 6 kilometrə yaxın elektrikverici xətlər yenisi ilə əvəzlənib. İlin sonuna qədər rayon mərkəzində "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Üzrə 2-ci layihənin" icrasına başlanacaq.